Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı

Tarix: 22 Noyabr 2020 07:12

Avropanın nüfuzlu "EU Reporter" analitik portalı "Dağlıq Qarabağ sualına cavab" adlı məqalə yayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir. Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb.

Milli.Az


Etiketlər:  EU Reporter Azərbaycan regionda yeni reallıq yaratdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ