Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 12:44
Dünən başa çatan Amerika kubokunun ən yaxşıları açıqlanıb.
Qol.az-ın FİFA-nın rəsmi "Tvitter" səhifəsinə istinadən yaydığı xəbərə görə, bütün nominasiyalarda Braziliya millisinin üzvləri qalib olublar.
Turnirin ən yaxşı qapıçısı Alison Beker seçilib. "Liverpul"da çıxış edən qolkiper cəmi 1 qol buraxıb ki, o da Peru ilə final oyununa təsadüf edib. Alison klub və millidəki çıxışı nəzərə alınmaqla, ümumilikdə, 889 dəqiqə qapısını toxunulmaz saxlayıb.
Amerika kubokunun ən yaxşı futbolçusu Dani Alveş olub. Hazırda klubsuz olan 36 yaşlı futbolçu 6 görüşün hər birində meydana çıxıb və 1 qol vurub.
Turnirin ən sərrast futbolçusu adına isə Everton layiq görülüb. Braziliyada "Qremio"nun formasını geyinən hücumameylli yarımmüdafiəçi 6 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.
Yarışın feyr-pley mükafatı da Braziliya millisinə verilib.
Qeyd edək ki, finalda Perunu 3:1 hesabı ilə məğlub edən "sambaçılar" ölkələrində keçirilən turnirin qalibi olublar.