Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 13:22
Azərbaycanın aşağıbüdcəli aviaşirkəti "Buta Airways" Bakı-İzmir-Bakı marşrutu üzrə xüsusi reyslərin sayını artıracaq.
Sonxeber.net xəbər verir ki, dekabr ayının 10-dan etibarən bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Xatırladaq ki, ölkədəki epidemioloji vəziyyətlə bağlı tətbiq edilmiş məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir - "Standart" və "Super".
Bakı-İzmir-Bakı marşrutu üzrə biletlər "Buta Airways" aviaşirkətinin rəsmi saytında ("Super" və "Standart" tarifləri üzrə) və rəsmi agentliklərində (yalnız "Super" tarifi üzrə) mövcuddur.
Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.
Uçuşa yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirusa (COVID-19-a) dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılacaqdır. Testin nəticələri tibbi arayış alındıqdan sonra 48 saat ərzində etibarlıdır.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq, sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxılmayacaq.