Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 09:54
Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Bu gün Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Cənab Prezidentin də dediyi kimi, "artıq "Dağlıq Qarabağ münaqişəsi" termini arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar".
Sonxeber.net bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laçının azad olunması münasibətilə xalqa müraciətini şərh edərkən Milli Məclisin deputatı Tamam Cəfərova söyləyib.
Deputat bildirdi ki, İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin misilsiz sərkərdəliyi nəticəsində tam və qəti qələbəyə imza atmasaydı, indi nə Ağdamı, nə Kəlbəcəri, nədəki Laçını belə dinc yolla götürə biləcəkdik. Ordumuzun döyüş əzmi işğalçı Ermənistanın və separatçı ermənilərin iradəsini qırdı, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Bəli, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə rüsvayçı kapitulyasiya sənədidir.
Prezident cənab İlham Əliyev xalqa müraciətində bir çox məsələlərlə yanaşı Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesində baş verən bir çox məqamlara da aydınlıq gətirdi və qeyd etdi ki, "istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin. İşğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi. Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər".
Millət vəkili qeyd etdi ki, məhz cənab Prezidentin siyasi iradəsi, qətiyyəti və uğurlu diplomatiyası nəticəsində Ermənistan və onun havadarları öz məqsədlərinə çatmadılar. Kəlbəcər və Laçın rayonları da daxil olmaqla, Azərbaycan hərbi-siyasi yolla bütün işğal olunmuş torpaqlarını qaytardı, yeni reallıq yaratdı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq.
Prezident xalqa müraciətində xüsusi olaraq vurğuladı ki, "əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır. Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır. Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib. Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma icra edilir və icra edilməlidir. Biz yeni reallıq yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə ki, Ermənistan barışdı".
Ümid edirik ki, Azərbaycan bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını yaratdı. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır, deyə millət vəkili qeyd etdi.