Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 20:18
Bakı. Trend:
Karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər cəzalandırılıb.
Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, dekabrın 3-də Şərur rayonunda yerləşən "Siyaqut" şadlıq sarayında toy məclisinin təşkil olunması ilə bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən video paylaşılıb.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları dərhal həmin əraziyə yollanaraq karantin qaydasının pozulması faktını aşkar ediblər. Toy məclisinin təşkilatçısı - şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu, toy sahibi və məclisdə iştirak edənlər saxlanılaraq Şərur Rayon Polis şöbəsinə gətiriliblər. Şadlıq sarayının müdiri Rüstəmov Hüseyn Yəhya oğlu və ictimai qınaqlara məhəl qoymayan məclis iştirakçısı Rzayev Həbib Rafiq oğlu xüsusi karantin qaydalarını pozduqlarına görə məhkəmənin qərarı ilə hər biri inzibati qaydada 7 sutka həbs ediliblər.
Toy sahibi və məclisdə iştirak edən digər şəxslər isə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunublar.