Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Dekabr 2020 12:03
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, müharibə iştirakçılarının və erməni terrorundan əziyyət çəkən mülki şəxslərin özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməsi prosesini davam etdirir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, bu dəfə kiçik təsərrüfatlar Bərdə, Tərtər və Hacıqabulda yaradılıb. Şəhid Əzizov Ayşadın atası Qaryağdı Əzizova, şəhid Xudayar Yusifzadənin qardaşı Yusif Yusifzadəyə, şəhid Təhməzov Əlzaminin həyat yoldaşı Günay Təhməzovaya, müharibə iştirakçısının ailə üzvü Məsudə Musayevaya heyvandarlıq sahəsi üzrə aktivlər təqdim edilib.
Eyni zamanda şəhidimiz Alışov Samir Cəlil oğlunun ailəsinə özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanlar verilib. Xatırladaq ki, həmin şəhidimizin və şəhid Xudayar Yusifzadənin ailələrinin ev şəraitinin ağırlığı nəzərə alınaraq, sosial tərəfdaşların dəstəyi ilə onlar üçün fərdi yaşayış evlərinin tikilməsi də qərara alınıb.
Erməni terroru nəticəsində evləri dağıdılmış, təsərrüfatları məhv edilmiş şəxslərin də sosial dəstəklə təmin edilməsi işləri davam edir. Özünüməşğulluq proqramı çərçivəsində Tərtər və Bərdədə Gülbadam Xəlilova, Fəxrəddin Salayev və Firuzə Məmmədovaya heyvandarlıq təsərrüfatlarını yaratmaları üçün iribuynuzlu heyvanlar verilib.