Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2020 14:30
YUNUS OĞUZ
Esse
Həsrətini çəkdiyimiz, günəşin altında susuz qaldığımıza, şaxtasına, ağrısına-acısına dözməyimizə baxmayaraq yel də gələndə, sel də gələndə çölə çıxıb elə bilirdik sən gəlirdin, Zəfər Paradı .
Sənin üçün hazırlaşırdıq, sənin üçün oxuyurduq, səni gözləyirdik, ey möhtəşəm Zəfər Paradı!
Sənin içində nələr yoxdu?Son iki yüz ildə param-parça olmuş ruhumuzun birləşməsi, bütövləşməsi başlayır səninlə.
Parçalanmış ruhumuzla yanaşı, bölünmüş Vətənimiz də vardı. İndi Vətənlərimiz də səni həsrətlə gözləyir.
Sənə qədər nələr yaşamadıq?
Torpağa qan qarışıdı Vətən demədik. Vətən yadların əlində idi. Vətən üçün vuruşmadıq, çünki özəl Dövlətimiz yox idi. Bir qardaşım bir vətəndə, o biri qardaşım başqa Vətəndə qarşı-qarşıya vuruşurdu. Sən qurtardın bizi hərc-mərclikdən, nisgildən, sıxıntıdan, yadlara işləməkdən, boyun əyməkdən, baş endirməkdən, diz çökməkdən, Zəfər Paradı.
Cümhuriyyət yaratdıq, üç rəngli bayrağımızı göylərə ucaltdıq. Dövlətlər içində yer almaq istədik, qoymadılar. Gizlində söylədilər: "Bunlara müstəqil dövlət yaratmaq olmaz! Olsa, çox irəli gedərlər, həmişə başı qapazlı etmək, qorxu altında saxlamaq lazımdır, gərəkdir. Bunları yüksəklikdə saxlamaq olmaz".
Bayrağımızı endirdilər, unutdurmağa çalışdılar. Bölünmüş torpaqlarımızı, Vətənimizi yenidən, yenidən, lap yenidən bölüşdürdülər. Bu dəfə lap dəhşətli idi. Əlindən alınan torpaqda, vətəndə yaşaya bilməzsən. İndi də Vətənsiz olmalısan. Həsrət, nisgil, vətənsizliyi şeirlərdə, mahnılarda yaşatdıq. Ölmədik, yaşaya-yaşaya öldük, ölə- ölə yaşadıq.
Sən qaldırdın aramızdan qorxu- hürkünü, həsrəti, nisgili, əzilən, alçalan bayrağımızı yenidən ucalığa qaldırdın, Zəfər Paradı.
Bu dəfə həm də könül, can ucalığına qaldırdın, Azərbaycanı Sən sübut edin: "Bir kərə qalxan bayraq, bir daha enməz!" Səndən ötrü can da verdik, qurban da verdik. Üçrəngli bayrağa görə şəhid də verdik, Zəfər Paradı.
Qətlə yetirimiş cocuğu əlləri üstündə göyə qaldırıb fəryad edən Ananın qisasını sən aldın. İmkan vermədin ki, cocuqlar, atalar, analar Vətənsiz yaşasın. Vətən həm uğrunda ölən, həm də orada dəfn olunanda Vətəndir.
Sən sındırılmış qürurumuzu geri qaytardın, əyilmiş belimizi dikəltdin, oğrun gözlərimizdə utancaqlığı sildin, min illərdir babalarımızın daşıdığı Qüruru, Mənliyi yenidən fəxrlə köksümüzdə daşıtmağa başlatdırdın, göz qıpırığlığını, baş qaxanclığını aradan qaldırdın. "Millətin namusu sərhəddən başlayır" deyib başbilənimiz. Sən kiçik vətəndə, Azərbaycanda Dövlətinin Milli Namusunu qorumağı bacardın, sərhədlərini bərpa etdin, bütün düşmənlərinin ürəklərində sənə qarşı gəzdirdikləri hiylə-fəsadı, fitnələri heç etdin, puç etdin. Hayqırdın ki, mən də varam, sınmaram. Dövlətimin "imzasını imzalar içində" görmək haqqındır. Haqqına sahib oldu Dövlətim, Millətim sənin hesabına.
Sənin hesabına parçalanmış Ruhumuz birləşir. Qalib Ruhumuz Zəfər Paradına çevrilib Qarabağı dolaşdı, Bakı küçələrində gəzir, hər evin, hər ürəyin sahibidir Zəfər Paradı.
Qürurumuza qürur qatdın. Şanımıza şan, sanımıza san verdin. Susuz qalana su, ac olana çörək verdin, ruhsuz gəzənə ruh, mənlik verdin. Şübhəli gəzənlərin dumanını yağışdan sonra çıxan günəş kimi dağıtdın.
Dövlətimizin, millətimizin şah əsərinə, şeirlərinə çevrildin.
Sən ilk Zəfər Paradısan, amma sonuncu olma. Dövlətimizin, millətimizin sənə hər zaman ehtiyacı olacaq. Sən olduqca Azərbaycanın adı göylərə ucalacaq, yenilməzliyin tarixdə yaşayacaq.
İrəli Azərbaycan, İrəli Zəfər Paradı!