Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu parad Türkiyə Azərbaycan birliyini bir daha bütün dünyaya nümayiş etdirdi''

''Bu parad Türkiyə Azərbaycan birliyini bir daha bütün dünyaya nümayiş etdirdi''

Tarix: 10 Dekabr 2020 16:42

Parad təəssüratlarım çox yüksəkdir. Parad çox yüksək səviyyədə keçdi.

Bunu Milli.Az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Polkovnik bildirib ki, bu paradın əhəmiyyəti həddindən artıq böyükdür:

"Qələbəyə, zəfərə layiq paradın şahidi olduq. Bu parad Azərbaycanın gücünü bir daha göstərdi. Baxmayaraq ki, biz müharibədən çıxmışıq, ancaq paradda nümayiş etdirilən texnika nümunələri onu deməyə əsas verir ki, Azərbaycanın yetəri qədər gücü var və Azərbaycan ordusu, doğrudan da, güclü ordudur. Biz orada bizim igid əsgərlərimizi gördük, hansı ki Azadlıq Meydanında qürurverici addımları ilə bu qələbəni qeyd etdilər.

Bu qələbəni bizə bəxş etdirən Azərbaycan əsgəri, Azərbaycan xalqı və başda Ali Baş Komandanımız İlham Əliyev cənabları olmaqla məhz bu parada xüsusi rəngi də Azərbaycanla bir millət, iki dövlət prinsipinə uyğun olaraq Türkiyənin Cumhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın və əsgərlərinin iştirakı bir daha türk dünyasının birliyini göstərdi və Türkiyə-Azərbaycan birliyini bir daha bütün dünyaya, ilk növbədə düşmənlərimizə nümayiş etdirdi. Bu paradın əhəmiyyəti həddindən artıq böyükdür. Bu parad bizim tariximizə qızıl hərflərlə yazılacaq, bu parada səbəb olan müharibə haqqında hələ çoxlu kitablar yazılacaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən bütün şəxsi heyət bu gün Azərbaycan xalqı kimi bu paradı böyük ruh yüksəkliyi ilə, qürur hissi ilə seyr etdi. Bu qələbəni bizə bəxş edən, bunun üçün hətta canlarından belə keçən şəhidlərimizin ruhu bu gün bu paradda yad olundu, Vətən Müharibəmizin qaziləri hörmət, qiymət mənasında o paradın iştirakçıları oldular. Biz orada qənimət götürülən və sıradan çıxarılan düşmən texnikasının bir qismini də gördük. Bu parad bundan sonra da bizim torpaqlarımıza göz dikən və pis niyyətlə yanaşan qüvvələrə bir ismarıc idi ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir, Azərbaycan torpağında gözü olanlara məhz bu "dəmir yumruq"la cavab verəcək. Bu cavabı vermək üçün bizim həm uzaqgörən Ali Baş Komandanımız var, həm güclü xalqımız var, həm də igid əsgərimiz var. 

Azərbaycan Ordusunun böyük zəfəri ilə başa çatan 44 günlük bu müharibə XXI əsrin tələblərinə cavab verən yeni tipli bir müharibədir. Bu müharibədə 4-cü, 5-ci nəsil silahlardan istifadə olundu. Bəlkə də artıq bizim heyət dünyada ən təcrübəli heyətlərin arasındadır. Təcrübə keçmiş, müharibə görmüş, düşməni darmadağın edə bilmiş, Şuşa kimi şəhəri igidlik göstərərk əlbəyaxa döyüşlərlə azad etmiş peşəkar heyətimiz var. Cənab Prezident də dediyi kimi, biz qısa zamanda ordumuzu daha da güclü və müasir texnika ilə silahlandıracağıq. Artıq bu müasir tələblərə cavab verən texnikanı müharibə keçmiş, təcrübəli, peşəkar hərbi heyət idarə edəcək. Ümumiyyətlə, Silahlı Qüvvələrimizin bütün vəzifələrində artıq döyüş təcrübəsi keçmiş hərbiçilər yer alır".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  parad Türkiyə Azərbaycan birliyini daha bütün dünyaya nümayiş etdirdi


RƏYLƏR