Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2020 15:06
"Zəfər paradı Azərbaycan tarixində bir ilkdir. Son 200 ildə Azərbaycan tarixində əldə olunan ilk hərbi qələbənin şərəfinə keçirilən paraddır".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov deyib.
Ekspert bildirib ki, Prezidentin İrəvan, Göyçə və Zəngəzurun qədim Azərbaycan torpaqları olduğunu Zəfər paradında bir daha qeyd etməsi Ermənistana "ya sivil, qonşu dövlətə qarşı ərazi iddiaları olmayan dövlət olacaqsan, ya da bir gün özündə olanı da geri alacağıq" mesajı idi:
"Hələ vətəndaşlarımızın çoxu bu Qələbənin tarixi əhəmiyyətini tam dərk etmirlər. Baxın, Gülüstan və Türkmənçay müqavilələri nəticəsində torpaqlarımızın parçalanması, daha sonra 1918-ci ildə Zəngəzur və İrəvanın Ermənistana verilməsi, 1992-94-də daha 20 faiz torpaqlarımızın itirilməsi baş verdi. Sonuncu torpaq itkisindən 30 ilə yaxın müddət keçəndən sonra müstəqil Azərbaycan olaraq hərbi yolla torpaqlarımızı işğaldan azad etdik. Əgər biz II Dünya müharibəsindən sonrakı dünya tarixinə nəzər yetirsək, keçən dövr ərzində heç bir dövlətə və ya heç bir xalqa öz işğal altındakı torpaqlarını azad etmək nəsib olmayıb. Belə bir fikir var: "Balaca dövlətlərə müharibədə qələbə qazanmağa imkan vermirlər. Balaca dövlətlərin apardığı müharibənin qalibi olmur". Qarabağ münaqişəsinə münasibətdə bu fikirlərə müasir siyasət elmində çox istinad olunurdu. Lakin Azərbaycan bu stereotipi qırdı. Bütün dünyaya göstərdi ki, balaca dövlət də olsaq, bizə heç kəs maneə ola bilməz. Müasir dünya tarixində torpaq azad etmək, qonşu ölkə üzərində tam qələbə çalmaq Azərbaycana qismət olub. Bu məsələnin tarixi əhəmiyyətidir. O ki qaldı Zəfər paradına, XXI əsrin Ordusu adını almış Azərbaycan Ordusunun bu paradı keçirməsinə tam haqqı çatırdı".
Bu gün Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi hərbi şücaət, hərbi taktika, tətbiq olunan yüksək texnologiyalar Nyu Yorkdan Moskvaya, Moskvadan Tokioya kimi dünyanın hərbi akademiyaları tərəfindən öyrənilməkdədir. Bunu biz demirik, dünyaca nüfuzlu hərbi ekspertlər bildirirlər. Ikinci Qarabağ müharibəsi pilotsuz uçuş aparatları ilə aparılan ilk genişmiqyaslı müharibə kimi Dünya hərb tarixinə düşüb. Bu bir faktdır. Ona görə də Zəfər Paradının keçirilməsi labüd idi. Bu həm də bütün dünyaya, o cümlədən Ermənistana və onun havadarlarına açıq mesaj idi. Əgər paradda dövlət başçımız cənab Prezident İlham Əliyev tərəfindən səsləndirilən bəyanatlara nəzər yetirsək həm Ermənistana, həm də onun havadarlarına verilmiş mesajları görmək olar. Prezidentin İrəvan, Göyçə və Zəngəzurun qədim Azərbaycan torpaqları olduğunu Zəfər paradında bir daha qeyd etməsi Ermənistana "ya sivil, qonşu dövlətə qarşı ərazi iddiaları olmayan dövlət olacaqsan, ya da bir gün özündə olanı da geri alacağıq" mesajı idi. Nəzərinizə çatdırım ki, hərbi əməliyyatlar dövründə Prezident tərəfindən heç vaxt İrəvan, Zəngəzur, Göyçə barədə bəyanat səslənməmişdi. Dövlət başçısı ancaq beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana məxsus torpaqların işğaldan azad olunacağını bildirirdi. Ona görə də həmin məlum mesajın Ermənistandakı radikal, məğlubiyyətlə barışmaq istəməyən, Qarabağla bağlı üçtərəfli bəyanata yenidən baxılmasını ağıllarından keçirən qüvvələrə verildiyini hesab edirəm.
Regionda yeni əməkdaşlıq formatı yaranıb. Hələ iyulda Tovuz hadisələrindən sonra Ankara ilə Moskva arasında Qarabağla bağlı müəyyən razılığın olduğunu proqnozlaşdırmışdım. Çünki o zaman ilk dəfə idi ki, Qarabağ mövzusu, Azərbaycanın ərazi bütövlüyü məsələsi açıq aşkar Ankara ilə Moskva arasında müzakirə olunurdu. Moskva rəsmi xəbərlərində Rusiya və Türkiyə arasında bu mövzu arasında ətraflı danışıqların aparıldığını bildirirdi. Çox keçmədi ki, bunun şahidi olduq. Azərbaycan hərbi yolla ərazilərini azad etdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. İrəvanı bunu imzalamağa məcbur edən yalnız və yalnız Azərbaycanın hərbi gücü oldu. Hərbi gücün tətbiq olunması üçün real şəraiti Ermənistan həm də özü yaratmış oldu. Uzun illər danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqe, son iki il ərzində Ermənistan rəhbərliyinin ardıcıl təxribatları sonda bu ölkənin tam hərbi fiaskosu ilə nəticələndi. Əslində Azərbaycan Vətən müharibəsi 2019-cu ildə Soçidə keçirilən "Valday" forumundan başlamışdı. Məhz həmin forumda bu müharibənin əsas devizi olan "Qarabağ Azərbaycandır!" ifadəsi dövlət başçımız tərəfindən səsləndirilmişdi. Beynəlxalq siyasi dairələrin diqqət mərkəzində olan "Valday" forumunda Qarabağla bağlı dövlət başçısının qəti mövqeyi öz məntiqi sonluğunu 44 günlük müharibədə tapdı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı xüsusi önəm daşıyırdı. Çünki Türkiyə bu gün beynəlxalq səviyyədə nəhəng gücdür. Bunu artıq bütün dünya qəbul edir. Ərdoğanın rəhbərlik etdiyi Türkiyə Yaxın Şərq regionunda sözünü artıq deyib. Həm Qərb, həm də Rusiya Yaxın Şərqdəki proseslərdə Türkiyə ilə hesablaşırlar. Qərbin Türkiyəni bu proseslərdən kənarda qoymaq cəhdləri baş tutmadı. Suriya və Liviya böhranlarında diktə edən tərəf Türkiyədir. Moskva da artıq Türkiyə ilə ziddiyyətə getməkdən daha çox əməkdaşlıq etməyi düşünür. Ankaranın Yaxın Şərqdəki proseslərdə əlini gücləndirməsi onun Cənubi Qafqazda da söz sahiblərindən birinə çevrilməsi ilə nəticələndi. Artıq Moskva Türkiyənin Cənubi Qafqazdakı mövcudluğunu və siyasi maraqlarını nəinki inkar etmir, hətta onunla birgə əməkdaşlıq planları qurur. Bu təbii ki, Azərbaycan üçün çox əlverişlidir. Ərdoğanın yeni regional əməkdaşlıq formatı barədə Bakıda səsləndirdiyi bəyanata da bu kontekstdə yanaşmaq lazımdır. O, Rusiya prezidenti Vladimir Putinin də bu əməkdaşlıq formatını qəbul etdiyin bildirdi. Bu, o deməkdir ki, Ermənistan qonşularına qarşı ərazi iddialarından əl çəkib, düzgün siyasət yeridib bu əməkdaşlıq formatına qatılacaq, ya da onun bir dövlət kimi mövcudluğu sual altına düşəcək. Odur ki, qarşıda bizi maraqlı proseslər gözləyir. Ümumiyyətlə postmüharibə dövrü deyərdim ki, müharibə dövründən daha çox vacibdir. Biz postmüharibə dövrünə müharibəyə hazırlaşdığımızdan daha ciddi, daha məsuliyyətli hazırlaşmalıyıq".
Təhməz Əsədov