Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2020 12:24
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda “Mediasiya haqqında” qanunun qüvvəyə minməsi müddəti uzadılır.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Belə ki, qanunun qüvvəyə minmə vaxtı 2021-ci il yanvarın 1-dən 2021-ci il iyulun 1-ə qədər uzadılır.
Bildirilib ki, qanunun qüvvəyə minmə vaxtının uzadılması xüsusi karantin rejimi ilə bağlıdır. Mövcud epidemioloji vəziyyət səbəbindən mediasiya sisteminin tam qurulması mümkün olmayıb.
Qeyd edək ki, Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.
Qanunun 3-cü maddəsinə əsasən, mediasiya aşağıdakılar üzrə tətbiq edilir:
3.1.1. mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla);
3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr;
3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr;
3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr.
3.2. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.