Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid atası: Hər dəfə döyüş yoldaşlarından oğlum haqqında eşidəndə böyük qürur hissi keçirirəm - FOTO

Şəhid atası: Hər dəfə döyüş yoldaşlarından oğlum haqqında eşidəndə böyük qürur hissi keçirirəm - FOTO

Tarix: 18 Dekabr 2020 22:30

Vətən müharibəsi başlayanda Silahlı Qüvvələrimizin sıralarında 2 övladım - İsmət və Elməddin də ön cəbhədə erməni işğalçılarına qarşı igidliklə vuruşub. Hər dəfə bunu onların döyüş yoldaşlarından, komandirlərindən eşidəndə böyük qürur hissi keçirirəm.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri şəhidin atası, Kürdəmir rayonunun Sor-Sor kənd sakini Hikmət Məmmədov söyləyib.

O deyib: "Əlbəttə müharibə şəhidsiz olmur. İsmət də qəhrəmanlıqla həlak oldu. Şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağımız azad edildi. Bu, bizim üçün təsəllidir".

İsmət Məmmədov 1993-cü ildə Sor-Sor kəndində anadan olub. 2011-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Xidmətdən sonra Bakıda gizirlik kursunda hərbi peşəyə yiyələnib və Tərtər rayonunda hərbi hissədə xidmətə başlayıb. Atasının söylədiyi kimi, bu, oğlunun arzusu idi və arzusuna çatdı. Hələ məktəb yaşlarından, idmanla məşğul olan İsmət məhz hərbçi olmağı qarşısına məqsəd qoymuşdu.

Aprel döyüşlərində də iştirak edən İsmət xüsusi fədakarlığına görə komandirləri tərəfindən mükafatlandırılıb, ona fəxri fərman da verilib. Sonra o, Goranboyda hərbi hissədə xidmətini davam etdirib. Vətən müharibəsi başlayanda ön cəbhədə manqa komandiri olan gizir İsmət Məmmədov bir sıra ərazilərimizin, o cümlədən Suqovuşanın azad olunmasında böyük fədakarlıq göstərib, düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edib. Oktyabrın 10-da isə gərgin döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb. Hazırda İsmət doğulub boya-başa çatdığı Sor-Sor kənd qəbiristanlığında uyuyur.

İsmətin qardaşı Elməddin də hərbçidir və onunla eyni gündə döyüşlərə qatılıb. Qardaşı ilə fəxr etdiyini söyləyən Elməddin onun döyüş yolunu şərəflə davam etdirir. Məmmədovlar ailəsi üçün İsmətdən qalan yeganə yadigar onun qızı Dənizdir. İsmətin anası Rübabə xanım şəhid oğlunun qoxusunu məhz Dənizdən aldığını söyləyir.


Etiketlər:  Şəhid atası Hər dəfə döyüş yoldaşlarından oğlum haqqında eşidəndə böyük qürur hissi keçirirəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ