Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2020 07:57
Hepatoloq, infeksionist Azər Nağıyev hesab edir ki, son günlər Böyük Britaniyanı "çalxalayan" SARS-CoV-2 virusunun genomu daha təhlükəlidir.
Sonxeber.net həkimlə bu mövzuda müsahibəni təqdim edir.
- COVID-19 infeksiyasının insanlara yarasalardan keçdiyi deyilirdi. Azər doktor, bəs koronavirusun yeni ştammının yaranması haqqında nə deyə bilərsiniz?
- Elə viruslar var ki, insandan insana keçmir, amma müəyyən canlıların bədənində mutasiyaya uğradıqdan sonra insana yoluxur. COVID-19 infeksiyası yarasalarda mutasiyaya uğraması nəticəsində insandan insana keçmişdi. Bu, heyvandan insana keçən bir virusdur. İndi də koronavirusun yeni ştammı meydana çıxmağa başlayıb.
Hər bir mikro və ya makro canlı həyat uğrunda mübarizə aparır. Mikro canlının da mikro beyni var. Əgər biz ona qarşı tədbirlər görürüksə, o da yaşamaq uğrunda mübarizəsini davam etdirir. Onun da mübarizəsi mutasiyadır. Koronavirusun yeni ştammı sonuncu mutasiya deyil, bundan sonra da yeni növləri meydana gələ bilər.
- Mutasiya olmuş koronavirusun COVID-19-la fərqi nədir? Yeni növü hansı xüsusiyyətlərinə görə fərqlənir?
- Yeni mutasiya klinik əlamətləri ilə fərqlənmir, sadəcə yayılma mexanizmi daha sürətli baş verir. Odur ki, daha təhlükəli hesab oluna bilər. Bununla əlaqədar olaraq artıq Ümumdünya Səhiyyə Təşkilatı və dünyanın bir sıra aparıcı ölkələri həyəcan təbili çalmağa başlayıb. Yəqin ki, bu ştamma qarşı da əlavə işlər görmək lazım olacaq. Amma COVID-19-la bağlı mübarizə üsulları köhnə qaydada qalır.
- Azərbaycanda yayılma ehtimalı varmı?
- Səhiyyə institutları tərəfindən B.1.1.7 SARS-CoV-2 adı verilən və 70% daha çox yoluxucu ola bilən virus Azərbaycanda hələ ki, identifikasiya olunmayıb. Amma İngiltərədə, Danimarkada, Niderlandda və ona yaxın bir neçə ölkədə aşkar olunub.
- Yeni bəlanın ölkəmizdə yayılmasının qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir?
- Bunun üçün dövlətimiz bütün mümkün tədbirləri görür, sərhədlər bağlıdır, gediş-gəliş minimuma endirilib, ancaq ciddi ehtiyaclar daxilində həyata keçirilir. Bu tədbirlər hər hansı ştamm üçün deyil, ümumiyyətlə koronavirus infeksiyasına qarşı görülür. Çox güman ki, öz müsbət nəticəsini verəcək.
- COVID-19-a qarşı hazırlanan vaksinlər koronavirusun yeni ştammına qarşı effektiv olacaqmı?
- Yeni vaksin hazırlamaq lazım gələ bilər, amma alimlərin bu barədə qəti fikri yoxdur. (publika.az)