Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhidlik zirvəsinə ucalan, "Vətən uğrunda" medalı ilə təltif edilən müəllim

Şəhidlik zirvəsinə ucalan,

Tarix: 25 Dekabr 2020 23:58

Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Ehtiram Hüseynli Lənkəran şəhər 6 nömrəli tam orta məktəbdə hərbi rəhbər, çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləyirdi. Belə bir insan haqqında keçmiş zamanda danışmaq çox çətindir. Bir neçə ay bundan qabaq çiyin-çiyinə işlədiyimiz, səmimi, mehriban, həyat dolu bir insan artıq aramızda yoxdur...

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə məktəbin direktoru, Əməkdar müəllim Akif Xalıqov söyləyib.

Ehtiram müəllimin həm müəllim kollektiv, həm də şagirdlər arasında böyük hörmətə və nüfuza malik olduğunu bildirən məktəb direktoru qeyd edib ki, o, təbiətcə mehriban olsa da, hərbiçilik həyatından irəli gələn sərtlik xüsusiyyətləri bu insanın xarakterində, sözün əsl mənasında, özünün ən gözəl əksini tapmışdı.

Ehtiram Hüseynli ali təhsilini başa vurduqdan sonra Lənkəran şəhər 6 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışdı. Lakin, içində hərb sənətinə olan sevgi, Vətən keşiyində durmaq istəyi onu bir gün də olsun rahat buraxmırdı. Və bir gün hərbi komissarlığa gedərək könüllü şəkildə hərbi xidmətə getmək istəyini bildirir.

İki il hərbi xidmət keçdikdən sonra ailə vəziyyəti ilə əlaqədar hərbi xidmətini başa vurub yenidən mülki həyata qayıdır. Yenə də məktəbdə hərbi rəhbər kimi fəaliyyətini davam etdirir.

Vətən qarşısında borcunu yerinə yetirməyin başqa bir yolu da vətənpərvər gənclər yetişdirməkdir. Ehtiram Hüseynli də məhz bu amala söykənərək pedaqoji fəaliyyətini daha şövqlə davam etdirməyə başladı. Hər il məktəblilər arasında keçirilən hərbi yarışlarda Ehtiram müəllim xüsusi fəallıq göstərir, bütün yarışlardan qələbə ilə qayıtmağı qarşısında əsas vəzifə qoyurdu. Məhz bunun nəticəsi idi ki, dəfələrlə rayon, zona və respublika üzrə yarışlarda mükafatlara layiq görülmüşdü.

Məktəbin dil-ədəbiyyat müəllimi Cabir Məmmədov Ehtiramla bağlı xatirələri yada salaraq deyir: "Yarışlara hazırlaşarkən məktəbimizdə qeyri-adi bir mənzərə yaranırdı. Məktəb həyətindən ucalan əsgər mahnılarının sədası nəinki siniflərdə dərs keçən müəllimlərin, şagirdlərin işinə mane olmurdu, əksinə hamı bu səsin ecazkar sehrinin təsiri ilə qeyri-adi bir ruh və həvəslə çalışırdı. O, şagirdləri sanki son döyüşə hazırlıyırmış kimi ciddi nizam-intizama çağırır, ən xırda detalları belə gözdən qaçırmırdı. Şagirdlərin gözlərinə baxdıqda onlardakı həvəsi, Vətənə olan sevgini görməmək mümkün deyildi. Sanki birbaşa cəbhə bölgəsinə yollanıb düşmənlə son savaşa çıxacaqdılar. Elə bunun nəticəsi idi ki, Vətən müharibəsində Fərid və Sənan kimi iki şagirdimiz də qəhrəmanlıqla vuruşaraq şəhidlik zirvəsinə ucaldılar..."

İgid döyüşçü məktəbdə iş yoldaşları ilə söhbət zamanı tez-tez Qarabağ məsələsinə toxunar və torpaqlarımızın hərbi yolla alınmasına inamını ifadə edərdi. Bu mövzuda söhbətlər zamanı ən çox verdiyi sual da bu olardı: "Müharibə başlasa, döyüşə gedərsənmi?"

O, iki dəfə könüllü olaraq hərbi komissarlığa gedərək döyüşmək istədiyini bildirmişdi. Hər dəfə də "ehtiyac yoxdur" cavabını almışdı. Amma, bu dəfə Vətənin ona ehtiyacı oldu. O da Vətən qarşısında borcunu yerinə yetirmək üçün bu çağırışa - Ana Vətənin çağırışına bir layiqli övlad kim səs verdi.

Ehtiram Hüseynli baş leytenant idi. Rəhbərlik etdiyi bölük Cəbrayıl, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmişdi. Dəfələrlə ailəsi, yaxınları, iş yoldaşları ilə telefon əlaqəsi saxlayarkən qələbənin tezliklə olacağını bildirirdi. Göstərdikləri qəhrəmanlıqdan, azad etdikləri yerlərdən fərəhlə söhbət açırdı.

Onun ən böyük arzusu isə Şuşaya Azərbaycan bayrağını sancmaq idi. Lakin, bu, ona qismət olmadı. Özü də şəhid olacağını artıq hiss etmişdi. Ailəsinə zəng edərək hazırlıq görməyi, ev-eşiyə əl gəzdirməyi tapşırmışdı, "Dörd günə gələcəyəm" demişdi. Dediyi kimi də oldu, dörd gündən sonra evinə qayıtdı, amma öz ayağı ilə deyil, insanların çiynində, üçrəngli bayrağa sarılmış halda...

İgid döyüşçümüzün son döyüş yolu Qubadlıdan keçdi və Vətən torpağı şəhidimizin al qanı ilə bir qədər də müqəddəsləşdi.

Ehtiram müəllim hər günə son gün kimi baxar, həyatdan zövq almağa, ailəsı və yaxın dostları ilə vaxtını birgə keçirməyi çox sevərdi. Gələcəklə bağlı çox da plan qurmazdı. Dindar adam idi və həyatda ən böyük arzusu şəhadətə qovuşmaqdı.

2019-cu ildə çoxdan arzuladığı Kərbəla ziyarətinə getmişdi. Yaxınları soruşanda ki, Ağanın məzarında Allahdan ən çox nə istədin? Ehtiram cavabında qısa və konkret şəkildə demişdi: Şəhidlik.

Bir ilə əvvəl oktyabrın 24-də Kərbəla ziyarətindən qayıtmışdı və bu il oktyabrın 24-də isə torpağa tapşırıldı. Xoş o insanların halına ki, həyatını arzuladığı kimi sonlandıra bilirlər. Ehtiram müəllim kimi...

Kollektivdə hər işdə öndə olurdu Ehtiram müəllim. Gənclərə aşıladığı vətənpərvərlik hissi onu həmişə yarışlarda qalib olmağa səsləyirdi. Oğul kimi yaxşı övlad idisə, müəllim olaraq vətənpərvər və yaradıcı insan idi. Lənkəran şəhər 6 nömrəli tam orta məktəb liseyində sinifdə və məktəb tədbirlərində hərbi intizam yarada bilmişdi.

Məktəb rəhbərliyi çıxışlarında qeyd edirdi ki, Ehtiram müəllim ömrünü məktəbə həsr edən insandır.

Vətən müharibəsi başlayanda könüllülərdən ilk müraciət edənlərdən biri də Ehtiram olmuşdu. O, müharibəyə gedərkən ömür-gün yoldaşına demişdi: "İnşallah, torpaqları işğalçılardan azad etməyə, zəfər simvolunu almaq üçün Vətənin çağırışına gedirəm."

Onu müharibəyə yola salanlar ailəsi və yaxınları idisə, qarşılayanlar el oldu.

Vətən boyda ürək ona yeni ad qazandırdı. Vətən uğrunda qəhrəmanlıq göstərdiyinə görə Prezident İlham Əliyev onu "Vətən uğrunda" medalı ilə təltif etdi. Bu medalı döyüş meydanında aldın və şəhidlik zirvəsinə ucaldın Ehtiram müəllim. Ruhun şad olsun!

Milli.Az


Etiketlər:  Şəhidlik zirvəsinə ucalan Vətən uğrunda medalı ilə təltif edilən müəllim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ