Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 11:12
"Paşinyanın öz postunu təhvul verəcəyini düşünmürəm".
Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, siyasi yolla Paşinyanı devirmək mümkün olmayacaq:
"Paşinyan gələn il parlament seçkiləri keçirmək istəyir. Onu parlamentdə devirə bilmədilər, çünki partiyası səs çoxluğuna malikdir. Küçədə devirə bilmədilər, çünki müxalifətin gücü yetmədi. Ümumilikdə bütün müxalifət 5-6 mindən çox adamı küçəyə çıxara bilmədi. Amma Paşinyan ehtiyyat edir ki, güc strukturlarında ona qarşı qiyam baş verə bilər.
Ona görə erkən parlament seçkiləri təyin edib. Amma indi də müxalifət əleyhinədir, çünki müxalifət bilir ki, parlament seçkilərində səs qazana bilməyəcək, reytinqi də yoxdur. Paşinyan hakimiyyətini heç olmasa bir neçə ay qorumağa çalışır ki, məğlubiyyəti erməni cəmiyyətinə tamamilə həzm etdirsin.
Erməni cəmiyyətində də Paşinyana əslində kifayət qədər dəstək var. Ermənistanda onun devrilməsini istəməyən böyük bir qrup var. Hətta mümkündür ki, parlament seçkilərinin nəticəsinə görə Paşinyan baş nazir postunu qorusun və ya koalisyon hökümət formalaşdırsın.
Baxmayaraq ki, Ermənistan məğlub duruma düşdü, amma məntiqlə erməni cəmiyyəti Paşinyandan üz döndərməliykən, ona müəyyən qədər dəstək var. Çünki erməni cəmiyyəti Qarabağ kimi yükdən də qurtulub. Gənclərini daha ölümə göndərmirlər, Qarabağa böyük maliyyə ianələri verməyəcək. Bu baxımdan Paşinyana müəyyən qədər dəstək var. Paşinyanı ancaq indiki zamanda ordu və polis içindəki qüvvələr devirə bilər. Amma siyasi yolla artıq Paşinyanı devirmək mümkün olmadı".
Təhməz Əsədov