Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şəhid olan döyüş yoldaşımın əmanət etdiyi bayrağı Şuşada dalğalandırmaq mənim üçün qürurverici idi'' - FOTO

''Şəhid olan döyüş yoldaşımın əmanət etdiyi bayrağı Şuşada dalğalandırmaq mənim üçün qürurverici idi'' - FOTO

Tarix: 30 Dekabr 2020 23:40

Sentyabrın 27-də Ermənistan tərəfinin cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq Ordumuzun əks-hücum əməliyyatına başlaması və əldə olunan uğurlu nəticələri gördükcə biz də yoldaşlarımla birlikdə Silahlı Qüvvələrimizin zəfər yürüşündə iştirak etməyə can atırdıq.

Sonxeber.net bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Vətən müharibəsinin iştirakçısı, xüsusi təyinatlı qüvvələrin gizir Mirtaleh Seyidov deyib.

Mirtaleh Seyidov 1995-ci ildə Culfa şəhərində anadan olub. 2013-cü ildə həqiqi hərbi xidmətə çağırılan Mirtaleh hərbi xidmətini xüsusi təyinatlı kimi keçib. 2014-cü ilin dekabr ayında gizirlik kursuna yazılıb. Kursu uğurla bitirərək xidmətini davam etdirib. Xidməti müddətində çoxsaylı kurslarda iştirak edərək öz bilik və bacarıqlarını təkmilləşdirib.

İlk döyüş təcrübəsini 2018-ci ilin may ayında iştirak etdiyi uğurlu Günnüt əməliyyatında qazanan döyüşçümüz vurğulayıb ki, Günnütdə əldə etdiyi təcrübə onun üçün Qarabağda gedən döyüşlərdə çox faydalı olub. Qeyd edib ki, ilk döyüşləri Füzuli istiqamətində baş verib, Şuşa şəhərinə qədər şərəfli yolu yoldaşları ilə birlikdə keçib. Ən çətin döyüşləri Hadrut, Daşaltı və Şuşada olub. Düşmən bu istiqamətlərdə müqavimət göstərməyə çalışsa da, Ordumuz müqaviməti qırıb və onları məhv edib. Düşmən üz-üzə döyüşdə əsgərlərimizlə bacarmadığını görüb pusqu qurmağa çalışıb. Buna baxmayaraq, hərbçilərimiz onların qurduğu pusqulardan da çıxaraq ermənilərə layiqli cavab veriblər. Şəhidlərimizin qisası yağı düşməndən alınıb, onların qanı yerdə qalmayıb.

Xüsusi təyinatlı gizir deyib: "Vətən müharibəsi zamanı xalqımızın öz əsgərinə göstərdiyi dəstəyi görmək bizə böyük ruh yüksəkliyi bəxş edirdi. Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsindən sonra əhalinin Ordumuza böyük dəstək nümayiş etdirməsini, əsgər və zabitlərimizi alqışlamasını, küçələrə axışmasını, şüarlar səsləndirməsini izləmək bizi yeni-yeni zəfərlərə aparırdı".

Şuşadan gətirdiyi bayrağın tarixçəsindən də danışan Mirtaleh bildirib ki, bu bayraq onun üçün ikiqat əzizdir. Belə ki, Şuşa əməliyyatına başlamazdan əvvəl hərbçi yoldaşlarından biri ürəyinin üstünə qoyduğu bayrağı çıxararaq ona göstərib və deyib ki, ən böyük arzusu bu bayrağı Şuşada dalğalandırmaqdır. O xahiş edib ki, əgər şəhid olsa və ya yaralansa, bu bayrağı Şuşada dalğalandırsın. Təəssüf ki, həmin döyüş yoldaşı Daşaltıda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. "Şuşa azad olunandan sonra mən həmin bayrağı şəhərdəki ən böyük binalardan birinin üzərində dalğalandırdım ki, şəhidimizin arzusu yerinə yetirilsin. Oraya asdığım bayrağa baxdım və ürəyimdə dedim ki, şəhidim rahat uyu, ruhun şad olsun, Ordumuz sənin kimi onlarca şəhidimizin ən böyük arzusunu yerinə yetirdi. Naxçıvana qayıdanda isə həmin bayrağı özümlə gətirdim, çünki bu bayrağın üzərində döyüş yoldaşımın qanı var idi", - deyən Mirtaleh qeyd edib ki, şəhadət zirvəsinə ucalan şəhidlərimizin bütün arzuları bu gün həyata keçib, torpaqlarımız işğaldan azad olunub, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində qəhrəmanlıq dastanı yazıb.


Etiketlər:  Şəhid olan döyüş yoldaşımın əmanət etdiyi bayrağı Şuşada dalğalandırmaq mənim üçün qürurverici FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ