Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gözünü Vətənə qurban verən cəsur döyüşçü - Möhnət Səmədov - FOTO

Gözünü Vətənə qurban verən cəsur döyüşçü - Möhnət Səmədov - FOTO

Tarix: 1 Yanvar 2021 16:40

Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu. Möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə hər birimiz fəxr edirik. Sonda qazandığımız Qələbə qalib Ordumuzun cəsur döyüşçüsü və yaşayan əfsanələrindən biri, döyüşlərdə bir gözünü itirən Möhnət Səmədovun bütün çətinliklərini unutdurub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, cəsur döyüşçümüz Möhnət Tamif oğlu Səmədovun 31 yaşı var. Astara rayonunun Təngərüd kəndində dünyaya göz açan qazimiz 2015-ci ildən Silahlı Qüvvələrdə gizir kimi xidmət edirdi. Vətən müharibəsinin ilk günündən Möhnətin döyüş yolu Füzulidən başlayır. Sonra O, Cəbrayılın, Füzulinin və bir çox adsız yüksəkiliklərin qarış-qarış düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşur. Möhnətin sonuncu döyüşü oktyabrın 17-si Qubadlı istiqamətində olur. 30 nəfər silahdaşı ilə adsız yüksəkliklərdən birini azad edərkən onlar düşmənin mühasirəsinə düşüblər. Düşmənə qarşı rəşadətlə vuruşan döyüşçülərimiz 4 gün davam edən mühasirəni yarmağa çalışıblar. Oktyabrın 21-də sağ gözündən ağır güllə yarası alan Möhnət huşunu itirərək bir gündən sonra ayılır. Hər iki gözünü açmaqda çətinlik çəkən cəsur döyüşçümüz ətrafa boylanaraq silahdaşlarını səsləyir. Silahdaşlarının şəhid olduğunu görən Möhnət xeyli qan itirdiyindən sürünərək dostlarının nəşinə tərəf gəlir. Qarşıdakı dağın yüksəkliyində düşmənin onu müşahidə edəcəyindən ehtiyat edən cəsur döyüşçümüz 4 gün özünü snayper hədəfindən gizlətməyə çalışır. Düşmən əsirliyinə düşməmək və 29 şəhidin qəhrəmanlığı ilə azad etdikləri zirvəni itirməmək üçün əl qumbarasını sinəsini sıxaraq şəhadətə yetişəcəyi məqamı gözləyir. Xeyli qan itirsə də o xoşbəxtlikdən sağ qalır. Oktyabrın 24-də rəşadətli Ordumuz Möhnətin olduğun yüksəkliyə qalxaraq onu döyüş meydanından təxliyə edirlər. Bir gözünü itirmiş qəhrəmanımızın arzusu ürəyində qalır.

Qazi Möhnət Səmədov: "Mən yaralandıqdan 10 gün sonra müharibə bitdi. Amma mən istəyərdim ki, Şuşaya kimi döyüşəm. Qubadlının tam alınmasında iştirak edim. Çünki mən özümdə bayraq saxlamışdım. Biz azad etdiyimiz ərazilərə bayraq sanca-sanca gedirdik. Mənim sinəmdəki bayrağı gətirib evimdə xatirə üçün saxlamışam. Asmışam uca yerdən, həmişə bu bayrağı görəndə döyüş ruhu gəlir mənə. Bu bayrağı Şuşaya sancmaq istəyirdim, heyf ki, yaralandım".

Hər gün yuxudan oyanan kimi otağının qarşısından asdığı üçrəngli bayrağa baxıb köks ötürən qəhrəmanımız silahdaşlarını hörmət və ehtiramla xatırlayır. Ailəsinə komandirinin döyüş meydanında düşmənə qan udduraraq şəhid olmasından danışır. Möhnətin valideynləri də Vətən müharibəsində cəsurluğu ilə fərqlənən igid oğulları ilə fəxr edirlər.

Qazinin atası Tamif Səmədov: "Vətən müharibəsində bizim ailəmizin, Səmədovlar ailəsinin də payı var. Mən bir ata kimi bununla fəxr edirəm. Vətən sağ olsun. Həqiqətən onun uğrunda ölmək də olar, yaralanmaq da. Oğlum öz gözünü Qarabağa qurban verdi. Qarabağ bizim doğma vətənimizdir. Mən oğlumla fəxr edirəm ki, o öz vəzifə borcunu layiqincə yerinə yetirdi. Bir çox medallarla Prezidentimiz onu təltif etdi. Təşəkkür edirəm, Müzəffər Ali Baş Komandanımıza".

Vətən müharibəsində göstərdiyi igidliyə görə Möhnət Səmədov Müzəffər Ali Baş Komandanın Sərəncamı ilə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlı azad olunmasına görə" medalları ilə təltif olunub. Haqq savaşımızda Möhnət kimi mərd ərənlər vətən torpağına dikilən işğalçı gözləri oyuq-oyuq edərək dəmir yumruqla düşmənin başını əzib, müzəffər Ordumuzun nəyə qadir olduğunu bir daha sübut etdilər.


Etiketlər:  Gözünü Vətənə qurban verən cəsur döyüşçü Möhnət Səmədov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ