Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 10:34
Çox gərgin oyun idi və mən sonda qarşılaşmanı xilas edə bildim. Düşünürəm ki, yeni ilə bundan yaxşı başlamaq olmazdı.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, bu sözləri azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Champions Chess Tour" çərçivəsində rapid üzrə onlayn "Airthings Masters" turnirindəki qələbəsi barədə danışarkən deyib.
Finalda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edən qrossmeyster Teymur Rəcəbov bildirib ki, qarşılaşmalar kifayət qədər gərgin alınıb. "Bu məndən çox böyük enerji aldı və çox yorğunam. Çalışdım ki, Levonu əsas matçlarda - blitsdə məğlub edim. "Quru oyun" nümayiş etdirirdim. Səmimi olsam, məqsədim öz oyunumla kiminsə xoşuna gəlmək yox, yarışın qalibi adını qazanmaq idi. Çünki peşəkar şahmatçıyam. Həyəcanlı idim, ya yox, mənim üçün bir fərqi yoxdur. Çalışırdım ki, turnirin qalibi olam", - deyə qrossmeyster bildirib.
Həmişə sakitliyi ilə diqqət çəkən Rəcəbov görüşün sonunda biruzə verdiyi emosiyalarına belə aydınlıq gətirib: "Bəli, bəzən emosional oluram. Bu proses isə doğrudan çətin idi və mən çox xoşbəxtəm. Mən adətən emosiyalarımı göstərməməyə çalışıram. Bütün fikrimi və konsentrasiyamı sona qədər saxlamağa çalışırdım. Bu cür sakitliyi qorumaq, sevincli və ya kədərli olduğumu göstərməmək üçün çox böyük emosiyanı saxlamalı olursan. Sonda bunu bacarmadım".
Teymur finalın ilk qarşılaşmasında Aronyanı 2,5:1,5 hesabı ilə məğlub etdikdən sonra xüsusi enerji aldığını da qeyd edib: "Ötən gün qızım mənə mesaj göndərdi. Yazmışdı ki, ata, təbrik edirəm, yaxşı oyun idi, növbəti matçda da sənə uğurlar arzulayıram. Bu gün Levonun mənə xüsusilə ağ fiqurlarla çox təzyiq göstərəcəyinə əmin idim. İlk oyun mənim üçün xoş olmadı. Bir müddət tamamilə matçı uduzmuşdum. Ancaq öz təmkinimi qorumaqla rəqibin şahını "tələyə" salmağın yolunu tapdım".
Rəcəbovun növbəti hədəfi qarşıdakı 8 yarışda uğurlu iştirak etməkdir.
Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik: