Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2019 13:57
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, o cümlədən yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirlərini Quba və Xaçmaz rayonlarında həyata keçirilib.
Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, reydlərdə Agentliyin əməkdaşları ilə yanaşı, yerli icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları da iştirak ediblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, reyd zamanı bəzi kəsim məntəqələrində mənşəyi bilinməyən heyvan cəmdəyinin hissələri aşkarlanıb, bəzi ətlərin üzərində möhürlərin olmadığı müəyyən edilib.
Qeyri-qanuni fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrinin sahiblərinə yalnız ixtisaslaşmış kəsim məntəqələrində kəsimin həyata keçirilməli olduğu, ət məhsullarının laborator analizdən sonra satışa çıxarılmalı olduğu bildirilib.
Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Agentlik qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin