Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 21:12
Bakı. Vüqar İmanov. Tərcümə: Orxan Nəbiyev - Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəni paytaxtı elan etməsi bütün region üçün əlamətdar hadisədir, bu addım milli mədəniyyət və incəsənətin təbliğatına xidmət edəcək.
Bunu Trend-ə müsahibəsində məşhur pianoçu və bəstəkar, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.
O bildirib ki, Şuşa Azərbaycan ürəyi və ruhu, milli musiqinin və poeziyanın beşiyidir:
"Dövlət başçısı öz çıxışında vurğuladı ki, Şuşada Vaqif poeziya günləri, və "Xarı bülbül" festivalı bərpa olunmalıdır. 1982-ci ildə respublikanın rəhbəri Heydər Əliyev və onun oğlu, Azərbaycan Prezidenti İlham Əliyevlə bir sıra mədəniyyət və ictimai xadim, o cümlədən Polad Bülbüloğlu, Niyazi, Qəmər Almaszadə, Süleyman Rüstəm və digərləri, eləcə də mənim Vaqif məqbərəsinin açılışında iştirak edirdik. Qış vaxtı idi, güclü qar yağırdı və biz şəhərə çətinliklə çatdıq. Yolda hətta avtomobillərimiz qarda ilişib qaldı. Biz hamımız birlikdə maşınları qardan çıxardıq. Qarlı Şuşa hətta yaydakından gözədir. Bakıdan yola düşəndə Heydər Əliyev bizə dedi: "Siz qarabağlılar vətəninizə çox az-az gedirsiniz. Bu dəfə mən sizi aparacağam". Çox gözəl günlər idi! Hamı özünü xoşbəxt hiss edirdi! Hər il məqbərənin yanında Vaqif poeziya günləri, şair və ədiblərin görüşləri keçirilirdi".
F.Bədəlbəyli qeyd edib ki, 28 il erməni işğalında olmuş Şuşa şəhərinin azad edilməsi hər bir Azərbaycan vətəndaşının və xaricdə yaşayan həmvətənlərimizin həyatında ən xoşbəxt hadisələrdən biridir:
"Şuşa bizim böyük musiqiçi və ifaçılarımızın vətənidir. Bu şəhəri gözəl günlər, çoxsaylı festivallar və müsabiqələr gözləyir. Mən Cıdır düzündə simfonik orkestrin ifasının, Fikrət Əmirovun "Kapriçço"sunun səslənməsini, Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Çənlibel" xor kompozisiyasını və klassik xalq mahnılarının, muğamların səslənməsini görürəm".
Qeyd edək ki, Vaqifin məqbərəsi 1982-ci il yanvarın 14-də açılıb. O gündən etibarən Şuşada ənənəvi olaraq Vaqif poeziya günləri keçirilib. 1992-ci il mayın 8-də şəhər işğal olunandan sonra məqbərə demək olar ki, tamamilə dağıdılıb, yalnız divarları qalıb.
"Xarı bülbül" beynəlxalq festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ ölkələrinin iştirakı ilə keçirilib və təkcə Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunurdu.