Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2021 13:32
Bakı. Orxan Nəbiyev - Trend:
Yaponiyanın Böyük Tokio paytaxt regionunda koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.
Trend-in məlumatına görə, bunu ölkənin Baş naziri Yosihide Suqa deyib.
O bildirib ki, fövqəladə vəziyyət bir ay davam edəcək və Tokio paytaxt regionuna daxil olan, 37,2 milyon əhalinin yaşadığı Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edəcək.
Fövqəladə vəziyyət rejimi yanvarın 8-dən fevralın 7-dək qüvvədə olacaq.
Qeyd edək, Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan etibarən daha da pisləşməyə başlayıb. Yanvarın 6-da isə ölkədə gündəlik yoluxma rekordu (6 001 nəfər) qeydə alınıb.
Bugünədək Yaponiyada koronavirusa yoluxanların sayı 260 min nəfəri, ölənlərin sayı 3,8 min nəfəri keçib.