Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Azərbaycana 800 milyard dollar təzminat ödəməlidir

Ermənistan Azərbaycana 800 milyard dollar təzminat ödəməlidir

Tarix: 7 Yanvar 2021 17:24

Bildiyiniz kimi, sentyabr ayından başlayan torpaqların işğaldan azad etmə əməliyyatı Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən uğurla həyata keçirildi və noyabr ayının 10-da bağlanan üçtərəfli bəyanata əsasən torpaqların boşaldıması aktı təmin edildi.

Bunu Milli.Az-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Ekspert bildirib ki, hələ 1995-1996-cı illərdə BMT-nin apardığı bir araşdırmada Qarabağ regionuna dəymiş zərər 45-50 milyard dəyərində hesablanmışdı:

"İşğaldan azad olunan torpaqların boşaldılması həyata keçirildikdən sonra iki əsas məsələ gündəmə gəldi. Birinci məsələ, həmin rayonlara işğal altında olarkən dəyən ziyanın hesablanması və ikinci məsələ isə o ziyanın qarşılanmasıdır.

İlk mərhələdə bütün region üzrə işğal altında olmuş rayonlara dəymiş zərərin hesablanması beynalxaq hüquqa və eyni zamanda standartlara uyğun hesablanmalıdır. Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana 30 il ərzində ciddi maddi və mənəvi ziyan dəymişdir. Belə ki, 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı müəssisəsi, 140 min ətrafında ev, 1100 məktəb, 798 səhiyyə obyekti dağıdılmış, regionun bütün infrastrukturu yerlə bir edilmişdir.

Müharibə sonrası belə bir fikir yayılmışdır ki, guya Ermənistanın Azərbaycan torpaqlarına vurmuş zərəri 50 milyard dəyərindədir. Mən isə belə düşünmürəm. Düşünürəm ki, bu rəqəm faktiki dəymiş zərərin toplam məbləğindən dəfələrlə kiçikdir. Təkcə qızıl yataqlarından, mədənlərdən qanunsuz şəkildə istehsal edilib beynəlxalq şirkətlər vasitəsilə satışa çıxarılan məhsulların illik dəyəri 3-4 milyard ətrafındadır. Hələ 1995-1996-cı illərdə Birləşmiş Millətlər Təşkilatının apardığı bir araşdırmada Qarabağ regionuna dəymiş zərər 45-50 milyard dəyərində hesablanmışdır. Danılmaz faktdır ki, torpaqların işğal altında qaldığı illər ərzində artan zərər hesablı dəyişir.

Bəs yaxşı, ümumilikdə zərərin hesablanması zamanı nələr diqqətə alınmalıdır?

• Region üzrə dağıdılmış infrastruktura dəymiş zərər

• Ekoloji terrorun nəticələri

• Flora, fauna, mədəni abidələrə vurulmuş zərərlər

• Yeraltı və yerüstü sərvətlərin talan edilməsi, və talan edilmə nəticəsində əldə olunmuş gəlirlər miqdarında zərər

• Bütün kənd təsərrüfatı, təhsil, turizm, səhiyyə obyektlərinə dəymiş zərərlər

• Dağıdılmış evlərə və orada yaşayan insanlara vurulmuş zərərlər

• 30 il ərzində müharibə dövründə orduya çəkilmiş əlavə xərclər, şəhid və qazi ailələrinə ödənmiş xərclər, sığorta və müavinətlər və s ödəmələr bazasında hesablanmış zərər

• Məcburi köçkünlərin və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması (tikilən evlər, verilmiş pensiya, müavinət və s. ödəmələr) üçün ayrılmış vəsaitlər həcmində zərər

• Azərbaycanın ümumi daxili məhsuluna dəyər qatan sahələr üzrə dəymiş zərər

• Mülki əhaliyə və orada olan bizneslərə dəyən zərər

• Bütünlüklə regionun bərpa olunması üçün hesablanmış məbləğ

Hələ saymadığımız yüzlərlə fəaliyyət sahələri üzrə dəymiş zərərlər mövcuddur ki, bunların da toplam həcmi təxminən 700-800 milyard həcmində olacaqdır. Təbii ki 50 milyard həcmində zərər məsələsi ermənilərin özləri tərəfindən atılmış absurd bir hesablamadır. Əlbəttə ki, bu mövzuda daha dəqiq hesablamalar aparmaq üçün xüsusi Dövlət Komissiyası yaradılmışdır. Əlavə olaraq, bu mövzuda beynəlxalq ekspertlər də bu məsələyə cəlb edilməklə, məsələnin daha intensiv və dəqiq həllinə nail olmaq mümkündür. Daha sonra isə hesablanmış zərərin təzminat şəklində Ermənistandan alınması üçün beynəlxalq müstəvidə hüquqi məsələlər qaldırılmalı və həllini tapmalıdır. Düşünürəm ki, onsuz da, Ermənistan iqtisadiyyatı bu təzminatı ödəmək iqtidarında deyil. Lakin illər ərzində hissəvi ödənişlərlə alınacaq bu təzminatlar Qarabağ və ətraf rayonların bərpası üçün xərclənsə, yaxın 5-6 il ərzində müəyyən işlərin görülməsinə nail olarıq".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Azərbaycana 800 milyard dollar təzminat ödəməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ