Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistan XİN başçısının Xankəndinə səfəri rus sülhməramlılarının üzərinə kölgə salır''

''Ermənistan XİN başçısının Xankəndinə səfəri rus sülhməramlılarının üzərinə kölgə salır''

Tarix: 9 Yanvar 2021 12:00

"Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə, Xankəndinə səfəri, orada qondarma rejimin nümayəndələri ilə görüşlər keçirməsi, "sənədlər" imzalaması ucuz təxribatdan başqa bir şey deyil. Bu həm də Ermənistan tərəfindən 10 noyabr tarixli üçtərəfli bəyanatın pozulmasına istiqamətlənmiş növbəti cəhddir".

Bunu Sonxeber.net-a açıqlamasında siyasi ekspert Fərid Əkbərov bildirib. 

Politoloq bildirib ki, Ayvazyanın Xankəndinə səfəri ancaq daxili auditoriyanı sakitləşdirməyə yönəlib:

"Hesab edirəm ki, bu, daxili auditoriyanı sakitləşdirməyə yönəlmiş təxribat cəhdidir. Nəzərə alaq ki, erməni mətbuatı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin yanvarın 11-də Moskvada üçtərəfli görüşünün keçirilməsi barədə məlumat yayıb. Həmin məlumat keçmiş prezident Serj Sarksyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfəri Mikael Minasyana istinadən yayılıb. Təbii ki, bu xəbərin əvvəlcədən və məlumatın hazırki hakimiyyətin ən böyük əleyhdarı olan biri tərəfindən yayılması Paşinyan hakimiyyətinə qarşı etirazın yenidən qızışdırılması məqsədi daşıyır. Fikrimcə, bu məlumatın yayılmasından sonra Ayvazyanın Xankəndinə səfəri, orada qondarma rejimlə görüşlər filan keçirib, güya, hansısa sənədləri imzalaması ancaq və ancaq daxili auditoriyanı sakitləşdirməyə yönəlib. Bu təbii ki, məsələnin bir tərəfidir. Digər tərəfi isə, müharibədə məğlub olan tərəf əlindən başqa heç bir şey gəlmədiyi üçün hər zaman qalib tərəfə pxsixoloji təzyiqlər etməyə, informasiya müharibəsi aparmağa çalışır. 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra biz bunun dəfələrlə şahidi olmuşuq. Ermənistan tərəfi müxtəlif üsullarla Azərbaycan tərəfinə psixoloji təzyiqlər etməyə cəhd edir və etməkdə davam edir. Misal üçün Rusiya sülhməramlılarının Xankəndində keçirdiyi görüşlərində qondarma rejimin bayrağının nümayiş etdirilməsi, Rusiya sülhməramlı qüvvələrinin əsgərinin ermənilərə çağırış videosu, tortun üstündə Rusiya və qondarma rejimin bayrağının sərgilənməsi və.s bu kimi addımları göstərmək olar. Ermənistan XİN başçısının məlum səfəri də bu addımlardan biridir. Aydındır ki, İrəvan bu cür ucuz addımlarla öz məğllubiyyətini ört-basdır etməyə, ölkə əhalisini sakitləşdirməyə çalışır, göstərmək istəyir ki, hələ də Dağlıq Qarabağdakı proseslərə nəzarət onların tərəfindədir. Təbii ki, bütün bu ucuz təxribatlar Azərbaycan cəmiyyətində haqlı reaksiya doğurur. Düşünürəm ki, müharibədə cavabını alan Ermənistan bu ucuz təxribatlarına görə də cavab alacaq. Əminəm ki, yaxın vaxtlarda İrəvanın bu addımlarına hüquqi cavab veriləcək".

Siyasi ekspert onu da bildirib ki, Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazisində sülhməramlı missiyanı həyata keçirən Rusiyanın üzərinə götürdüyü öhdəliyi həm də bu kimi hallara yol verilməsinə imkan verməməkdir:

"Çünki BMT-nin sülhməramlı missiyası haqqında ümumi prinsipləri mövcuddur. Həmin prinsiplərə görə, sülhməramlılar fəaliyyət göstərdiyi ölkənin qanunlarının tətbiq olunmasına görə məsuliyyət daşıyırlar. Nəzərə alsaq ki, Dağlıq Qarabağda sülhməramlı missiyanı öz üzərinə Rusiya götürüb, onda Ermənistan XİN başçısının Xankəndinə səfəri Moskvanın sülhməramlı missiyasının üzərinə kölgə salır. Bu qanunsuz səfərlərə görə Moskva cavabdehdir. Çünki indi əvvəlki vaxtlar deyil. İndi həmin ərazilərə müvəqqəti olaraq Rusiya cavabdehdir. 28 il ərzində Xankəndinə qanunsuz səfərlər təşkil olunurdu. Çünki faktiki olaraq həmin ərazilər Ermənistan qoşunlarının nəzarəti altında idi. İndi isə vəziyyət dəyişib. Moskva sülhməramlı qüvvələrini həmin əraziyə yerləşdirib. Laçın dəhlizindən tutmuş bütün təmas xətti boyunca vəziyyətə nəzarət edən Rusiya, sülhməramlı kimi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməlidir. Ermənistan rəsmilərinin və o cümlədən, silahlılarının Azərbaycan ərazisi olan Xankəndinə buraxılmasına icazə verməməlidir".

Təhməz Əsədov


Etiketlər:  Ermənistan XİN başçısının Xankəndinə səfəri sülhməramlılarının üzərinə kölgə salır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ