Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya məktəblərində “Microsoft Office 365” proqramından istifadə qadağan edilib

Almaniya məktəblərində “Microsoft Office 365” proqramından istifadə qadağan edilib

Tarix: 16 Iyul 2019 14:52

Almaniyanın Hessen federal torpağının (ölkənin mərkəzi hissəsində yerləşir) hakimiyyəti yerli məktəblərdə “Microsoft Office 365” proqramından istifadəni qadağan edib. Məlumatların mühafizəsi və informasiya azadlığı üzrə komissarın qərarına görə, “Microsoft” paketinin internet versiyasından standart konfiqurasiyada istifadə ABŞ hakimiyyəti üçün məktəbli və müəllimlərin fərdi məlumatlarına potensial çıxış imkanı yaradır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ru-an” resursuna istinadən yazır ki, hakimiyyətin qənaətinə görə, “Microsoft” servisi xidməti informasiyanı ABŞ-da yerləşən data mərkəzlərinə göndərməsi səbəbindən təhlükəlidir. Bu məlumatlara həm proqram təminatının diaqnostikası haqqında hesabatlar, həm də “Office 365” istifadəçilərinin materialları (məsələn, elektron məktub başlıqları və ya tərcümə yaxud da orfoqrafiya yoxlanışı funksiyasından keçən sənədlərin fraqmentləri) daxil ola bilər.

 

Bildirilir ki, məktəblilərin fərdi məlumatlarının toplanılması və xaricə ötürülməsi ötən il mayın 25-də qüvvəyə minən fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations – GDPR) ilə ziddiyyət təşkil edir. “On altı yaşı tamam olmayan şəxslər belə razılığı müstəqil vermək hüququna malik deyillər və “GDPR” qaydalarına uyğun olaraq onlara “Office 365” proqramından istifadə qadağandır”, – qərarda qeyd olunur.

 

Əvvəllər “Microsoft” korporasiyası “bulud” ələvələri tərəfindən toplanılan məlumatları Almaniyada yerləşən məlumat emalı mərkəzində saxlayıb. Lakin 2018-ci ilin avqustunda korporasiya bu praktikadan imtina edərək yenidən informasiyanı ABŞ-da olan data mərkəzlərinə göndərməyə başlayıb.

 

Qeyd edək ki, 2018-ci ilin mayında Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations – GDPR) qüvvəyə minib. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilib, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələblərinin pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

 

Nizam Nuriyev




Etiketlər:  Almaniya məktəblərində Microsoft Office proqramından istifadə qadağan edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ