Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köçkünlərə verilən mənzillərin optimal istifadəsi üçün mənzil fondu yaradılmalıdır - İqtisadçı

Köçkünlərə verilən mənzillərin optimal istifadəsi üçün mənzil fondu yaradılmalıdır - İqtisadçı

Tarix: 11 Yanvar 2021 14:56

Bakı. İlhamə İsabalayeva - Trend:

Məcburi köçkünlərin böyük qayıdışı ilə paralel öz həllini tələb edən vacib məsələlərdən biri dövlət tərəfindən məcburi köçkün ailələrinə verilmiş mənzillərin idarəedilməsi ilə bağlıdır. Düşünürəm ki, bu mənzillərin optimal istifadəsi üçün rəsmi qaydada boşalan mənzillərdən və digər yaşayış sahələrindən ibarət mənzil fondu yaradılmalıdır.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu fondun idarəçiliyi üçün ən münasib qurumdur. Çünki məcburi köçkünlərin qayıdışı nəticəsində boşalmış mənzillərə ilk növbədə mənəvi haqqı çatan əhali kateqoriyası şəhid ailələri və müharibə əlilləridir. Bu kateqoriyadan olan insanlara sosial dəstəyin həyata keçirilməsində əsas rol oynayan qurum ƏƏSMN olduğu üçün sözügedən mənzil fondunun da bu nazirliyin idarəçiliyinə verilməsi düzgün addımdır.

E.Əmirov əlavə edib ki, bu məsələdə ən vacib məqamlardan biri şəffaflığın təmin edilməsi və yüksək səviyyədə dövlət nəzarətinin olmasıdır:

"Şəffaflıq, aydın icra alqoritmi və ədalətli növbəlilik gözlənilməklə əvvəlcə şəhid ailələri, daha sonra qazilərin mənzillə təmin edilməsinə yönəldilməlidir".

E.Əmirov qeyd edib ki, əlillərin mənzil təminatında əlillik dərəcəsi əsas meyar götürülərək sıralanmalıdır. Daha sonra əlil olmayan vətən müharibəsi iştirakçılarının mənzil təminatının həyata keçirilməsi üçün istifadə edilə bilər.

Həmçinin bu mənzillərdən müharibə zamanı yaşayış sahəsi yararsız hala düşmüş və ya dağılmış ailələrin mənzil təminatında istifadə etmək olar. Bunun üçün yerli icra hakimiyyəti orqanının müraciəti əsasında sözügedən mənzil fondundan mənzil ayrıla bilər:

"Rəsmi qurumlar daha çox ictimaiyətin gözündən uzaq qalmış, imkanlı şəxslərdən və özəl təşkilatlardan kömək görməyən insanların qayğısına daha çox önəm verməlidirlər. Məcburi köçkünlərin qayıdışından sonra boşalacaq mənzillərin istifadəsi zamanı da bu məqam mütləq nəzərə alınmalıdır. Bəxti gətirmədiyi üçün sosial medianın gündəminə düşə bilməyənlər ƏƏSMN-nin şəxsi gündəmində olmalıdır".

Köçkünlərə verilən mənzillərin optimal istifadəsi üçün mənzil fondu yaradılmalıdır - İqtisadçı - Gallery Image


Etiketlər:  Köçkünlərə verilən mənzillərin optimal istifadəsi üçün mənzil fondu yaradılmalıdır İqtisadçı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ