Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi

Təhsil Mərkəzinə çatanda gördüm yerdə bir nəfər uzanıb, üzərinə isə qara gödəkçə salınıb - Qanlı Yanvar şahidi

Tarix: 20 Yanvar 2021 16:09

Bakı. Ceyhun Ələkbərov - Trend:

Həmin gecə Bakı Metropoliteni işləməsəydi, şəhidlərin sayı qat-qat çox ola bilərdi.

Bunu Trend-ə açıqlamasında Bakı metropoliteninin maşinisti Cahil Həsənov deyil. Onun sözlərinə görə, həmin gecə Bakı metropoliteni bir dəqiqə belə dayanmadan işləyib:

"1990-cı il 19 yanvar tarixində normal qaydada işə gəlmişdik və axşam saatlarında işimizi yekunlaşdırıb evə qayıtmalı idik, ancaq bizə məlumat verildi ki, hələlik gözləyək. Gecə saat 22 radələrində bizə bildirildi ki, qalıb işləmək lazımdır, gecə kömək lazım olacaq və metroya yaxın qalan şəxslər özləri üçün evdən yemək gətirsin. İş yoldaşlarımdan biri "Neftçilər" stansiyası yaxınlığında qaldığı üçün onun evinə yemək götürməyə getdik. Artıq geri qayıdan zaman saat 23:40-da atışma səsləri eşitməyə başladıq".

C.Həsənov qeyd edib ki, onlar "Nərimanov" stansiyası yaxınlığında ilk yaralını xilas edərək metro ilə lazım olan ünvana yola salıb:

""Neftçilər"dən metroya minib "Nərimanov" stansiyasına gəldik, çölə çıxan zaman pilləkənlərdə bir yaralının gətirildiyini gördük, soruşanda nə olub, cavab verdilər ki, keçmiş leytenant Şmidt adına zavodun qarşısında güclü atışma var, insanları güllələyirlər və onlara kömək lazımdır. Məlumatı təlimatçı maşinistə bildirdik, o da bizi köməyə göndərdi. Mən də daxil olmaqla 4 əməkdaş zavoda yollandıq. Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə çatanda gördüm ki, yolun ortasında bir nəfər yerə uzanıb, üzərinə qara gödəkçə örtmüşdülər. Yaxınlaşıb üzünü açanda gördüm ki, həmin şəxs güllələnib və artıq ölüdür. İstədim onu ərazidən uzaqlaşdırım, bu zaman mənim tərəfə işıqsaçan güllələr atmağa başladılar, məcbur olub qaçıb gizləndim".

Maşinist əlavə edib ki, atışma səsləri səngiyəndən sonra o və digər yoldaşları ərazidə olan yaralıları "Nərimanov" stansiyasına gətirib. Sonra indiki "İçərişəhər" stansiyasında da vəziyyətin pis olduğunu öyrəniblər:

""İçərişəhər" stansiyasına çatanda gördük ki, o qədər adam var ki, artıq relslərin üzərində dayanırlar. Bu barədə təlimatçı maşinistlə məlumat verdik, bizə tapşırıq verildi ki, nə yol ilə olursa olsun insanları oradan qatarla yola salmaq lazımdır. Gecə saat 02-dən səhərəcən dayanmadan metropoliten işlədi və xeyli insanın həyatı xilas olundu. Əgər həmin gecə Bakı Metropoliteni işləməsəydi, şəhidlərin sayı daha çox olardı. Metro dayanmadan işlədi, yaralı vətəndaşları ünvana çatdırdı".


Etiketlər:  Təhsil Mərkəzinə çatanda gördüm yerdə nəfər uzanıb üzərinə isə qara gödəkçə salınıb Qanlı Yanvar şahidi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ