Tarix: 18 Iyul 2019 17:40
"Bir az məyusam. Çünki uduzanda xoşbəxt ola bilməzsən".
Qol.az xəbər verir ki, bu sözləri "Partizani"nin baş məşqçisi Franko Lerda Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakıda "Qarabağ"a 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra Albaniyanın "RTSH Sport" telekanalına açıqlamasında deyib. Məğlubiyyəti şərh edən italiyalı mütəxəssis mərhələni keçə bilməmələrini bu cür əsaslandırıb:
"Komandalar arasında səviyyə fərqini nəzərə alsaq, oyun taktikamızın işə yaramadığını söyləmək çətindir. Ümumilikdə, 90 dəqiqə mübarizə apardıq. Düşünürəm ki, ələdüşən fürsətləri dəyərləndirməyəndə vəziyyət çətinləşir. İki oyunda 4-5 qol imkanı qaçırdıq. Azacıq bəxtimiz gətirsəydi, ən azı 1 qol vura bilərdik. Uşaqları təbrik edirəm. Sona qədər əllərindən gələni etdilər. Onlarla fəxr edirəm".
Qeyd edək ki, iki oyunun nəticəsinə (0:0, 2:0) əsasən "Partizani"ni mübarizədən kənarlaşdıran "Qarabağ" 2-ci təsnifat mərhələsində İrlandiya çempionu "Dandolk"la qarşılaşacaq.