Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2021 18:04
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniya hökumətini sərt şəkildə tənqid edən çıxış edib.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Fransa prezidentinin fikrincə, Boris Conson hökuməti müttəfiqlərinin kim olduğunu artıq müəyyənləşdirməlidir. "Yarıhamiləlik deyə bir konsepsiya mövcud deyil", - Fransa lideri fikrini bu misalla əsaslandırmağa çalışıb.
"Böyük Britaniya hansı siyasəti seçməyi arzu edir? O, eyni zamanda ABŞ-ın, Avropa Birliyinin ən yaxın müttəfiqi və yeni Sinqapur ola bilməz...Ona görə də rəsmi London hansısa modeli seçməlidir. Lakin məndə elə təəssürat oyanıb ki, ölkə liderləri bütün bu modelləri xalqa satıb. Əgər Böyük Britaniya tamamilə transatlantik siyasətlə bağlı qərar qəbul etsə, o zaman biz (AB) vəziyyəti aydınlaşdırmaq məcburiyyətində qalacağıq. Çünki belə olan halda iqtisadi bazarlara çıxış və qaydalarla bağlı ziddiyyətlərin yaranacağı qaçılmazdır. Yox, əgər ada dövləti yeni Sinqapur olmaq istəyirsə, düzü, bilmirəm... Çünki bununla bağlı qərarı özüm verə bilmərəm. Lakin biz dinc münasibətlərin tərəfdarıyıq... Mən suveren qitənin və milli dövlətlərin mövcudluğunu dəstəkləyirəm, lakin heç bir zaman neomillətçiliyə inanmamışam",-deyə E.Makron bildirib.
Sonda Fransa prezidenti bir daha "Breksit"in Böyük Birtaniya üçün yanlış qərar olduğunu söyləyərək referendumun böyük yalan üzərində qurularaq keçirildiyini qeyd edib. Onun fikrincə, Böyük Britaniyanın AB-dən ayrılması qitədə situasiyanı daha da mürəkkəbləşdirib.