Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ilə birgə Vətən müharibəsinə dair filmlər çəkilsin - Deputatdan təklif

Türkiyə ilə birgə Vətən müharibəsinə dair filmlər çəkilsin - Deputatdan təklif

Tarix: 1 Fevral 2021 16:42

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırkı tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də yumşaq güc kimi xarakterizə etdiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətinin, trendini təyin edən vasitədir və əslində elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir.

Trend-in məlumatına görə, Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən yaz sessiyasının ilk iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

H.Babaoğlu bildirib ki, şanlı Vətən müharibəsi zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi: “Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da atıracaq və ortaq media platforması yaradacaqdır. İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla bir məsələ ayrıca vurğulanır. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilməsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz. Dolayısıyla sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu vəzifə kimi müəyyənləşdirilir. Ancaq çox təəssüf ki, bu çağırışlar bəzi media instututlarımız tərəfindən lazımi qədər diqqətə alınmır. Xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən və çox maraqla qarşılanan türk film və diziləri Azərbaycan dilinə tərcümə edilir”.

Deputatın fikrincə, bu, əslində imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Əlkəbər hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”, deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan cəmahiriyyə və ingilis sözü olan repablik eyni mənanı verir. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk flimlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər”.

H.Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib.

Türkiyə ilə birgə Vətən müharibəsinə dair filmlər çəkilsin - Deputatdan təklif - Gallery Image


Etiketlər:  Türkiyə ilə birgə Vətən müharibəsinə dair filmlər çəkilsin Deputatdan təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ