Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2019 14:52
Futbol mütəxəssisi Vladislav Qədirov Qol.az-a müsahibə verib. “Neftçi”nin yetirməsi olan, vaxtı ilə Rusiyanın “Arsenal”, “Saxalin”, “Lokomotiv” (Nijni Novqorod), “Spartak” (Ryazan), “Lada-Qrad” (Dmitrovqrad) klublarında çıxış edən veteran futbolçu həm “ağ-qaralar”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tula təmsilçisi ilə oyunları haqda fikirlərini bildirib, həm də futbolumuzun hazırkı durumuna toxunub.
- Vladislav müəllim, çoxdandır futboldan kənardasınız. Nə işlə məşğul olursunuz?
- Kənarda olmalıyam da. Futbol var ki?! Bu, nə futboldur? 8 komanda var. Hər yerə əcnəbi gətirirlər. Bəs öz yerli mütəxəssislərimiz harda işləsin? Dünya çempionları, mən Vladislav, İqor Ponomaryov qalıb kənarda, əcnəbi mətəxəssislər işləyir. “Rəvan”dan çıxandan, demək olar, işsizəm. AFFA-da kütləvi futbol layihəsində çalışdım. Ancaq o da mənim sahəm deyil. Mən futbol mütəxəssisiyəm.
- İstər AFFA olsun, istərsə də klublarımız, sizcə, niyə veteranlar futbolçulara yetərincə diqqət ayırmır?
- AFFA nə etsin? Necə diqqət ayırmalıdırlar ki? Klublar öz veteranlarına dəyər verməlidirlər. Məsələn, mənə Tuladan 3-4 nəfər zəng vurub soruşurlar ki, oyuna gələcəksiniz. Deyirəm ki, baxaram. Daha deyə bilmirəm ki, “Neftçi” mənim üçün bilet almır. Ona görə də gedə bilmirəm. Bilirsiniz, bu, faciədir, utandırıcıdır. Ay “Neftçi” rəhbərliyi, sən bilmirsən ki, mən ora getməliyəm? Problem odur ki, biz dünənimizi, keçmişimizi tez unuduruq. 20 gün bundan əvvəl yerli mətbuata geniş müsahibə verdim. Doğrudanmı, dediklərimi oxumayıblar? Hamısını görüblər. Avropa Liqasında “Arsenal”la düşüblər. Bunun özü bir tarixdir. Çünki “Neftçi”nin yetirməsi olan futbolçu vaxtı ilə Tula təmsilçisində də çıxış edib. Dediyim kimi, məni orada gözləyirlər. Tez-tez gəlib-gəlməyəcəyimi soruşurlar. Orada atmosfer tamam fərqlidir. Televiziya kanalları maraqlı sujetlər hazırlayır, veteran futbolçuların fikirlərini yer verir.
- Onda belə çıxır ki, “Neftçi” sizi aparmasa, Tulaya getməyəcəksiniz...
- Bilmirəm, məsələ açıq qalır. Oqtay Abdullayev zəng vurmuşdu, dedi ki, mən klub rəhbərliyi ilə danışaram. Guya, söhbət etsə, nə dəyişəcək ki? Artıq bilet alıblar. Gülünc vəziyyətdir.
- “Neftçi”nin “Arsenal” qarşısında şanslarını necə qiymətləndirirsiniz?
- “Sperantsa”nı keçməli idilər, keçdilər. Çünki məhəllə səviyyəli komanda idi. Arxayınlaşmasınlar ki, moldovalılara 6-7 dənə vurublar. Düzdür, futbolda keçilməyəsi komanda yoxdur. Oynamaq olar. Ancaq Rusiyada tam başqa rəqib olacaq. Ciddi hazırlaşmaq lazımdır. Çünki “Arsenal” evdə çox yaxşı oynayır. Hazırda “Dinamo”, “Rubin”, “Orenburq” kimi komandaları geridə qoyublar. Arxayınlaşmaq “Neftçi”ni yıxa bilər. Düzdür, səfərə qələbə ab-havası ilə gedirlər. Ancaq gəlin razılaşaq ki, “Sperantsa”nı bizim veteranlar, siz jurnalistlərin komandası da udar. Bunlar da papaqlarını göyə atırlar ki, “Sperantsa”nı keçmişik. “Neftçi”nin bir legionerinin qiyməti onların ümumi büdcəsidir. Belə bir komandanı keçməmək gülməli olardı. “Neftçi” Tulada ilk 20 dəqiqəni təzyiq altında keçirəcək. Müdafiədə tam diqqətli oynamalıdırlar ki, tempi aşağı salsınlar. Yoxsa darmadağın olacaqlar. “Arsenal”ın necə oynayacağını yaxşı bilirəm. Onların da əlinə belə bir şans düşüb. Maksimum yararlanmağa çalışacaqlar. Azarkeşləri əsl fanatdırlar. Hətta elələri var ki. indiyə qədər məni yada salır, əlaqə saxlayırlar.
- Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”ın çıxışı haqda nə deyə bilərsiniz? 2-ci təsnifat mərhələsində İrlandiya çempionu “Dundalk”la qarşılaşacaqlar. Necə düşünürsünüz, Qurban Qurbanovun komandası mərhələni keçə biləcək?
- “Qarabağ” artıq hazır komandadır. Bu cür rəqibləri keçmək gücündədir. Çempionlar Liqasında, Avropa Liqasında qruplarda oynayıblar. “Neftçi” isə təzə-təzə dirçəlir. Vaxt lazımdır. “Qarabağ” da bir günün, bir ilin içində belə olmadı axı. İlk illərdə Qurban Qurbanov böyük uğur qazana bilmirdi. Sonra tədricən komandanı formalaşdırdı. Gəlişindən 6 ildən sonra isə “Qarabağ”ı çempion etdi.
- “Qəbələ” isə Avroliqanın 2-ci təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə üz-üzə gələcək. Əyalət təmsilçisindən nə gözləyirsiniz?
- Gürcü futbolu inkişafdadır. Gənc futbolçuları bir az təcrübə toplayan kimi xarici klublara verirlər. Biri İngiltərədə, biri Almaniyada, biri Hollandiyada oynayır. Onlar baş sındırırlar ki, minimum 20 futbolçunu necə xaricə göndərə bilərəm. Biz isə “milliləşdirmə”yə ilişmişik. Bunlar kimə lazımdır? Məncə, “Qəbələ”nin işi çox çətin olacaq. “Dinamo” Gürcüstanın tarixi komandasıdır. İlk oyun Qəbələdə olacaq. Gürcüstana rahat getmək üçün evdə qol buraxmadan qalib gəlmək lazımdır.
Elnur SALAHOV