Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 22:48
Anası onun toy karvanını görmək istəyirdi, ancaq gələn şəhid karvanı oldu... Bir il idi nişanlısının gözünü yolda qoyan tabor komandiri, kapitan Cavid Mahmudov noyabrda özünə toy edib, sevib-seçdiyi qızla ailə həyatı quracaqdı. Amma Vətən sevgisini, hər şeydən uca tutdu.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 27-də başlanan Vətən müharibəsində düşməndən alınan torpaqlarımızın hər qarışında neçə-neçə şəhidimizin qanı, hər birinin fərqli qəhrəmanlıq dastanı var. Belə mərd, igid oğullarımızdan biri də Füzulinin azad olunması uğrunda qəhrəmanlıqla vuruşan və şəhadətə yüksələn kapitan Cavid Mahmudovdur. 1989-cu il fevralın 6-da Biləsuvarın Aşağı Cürəli kəndində anadan olan Cavid uşaqlıqdan hərbçi olmaq istəyirdi. O, bu arzusuna 2010-cu ildə nail olur. Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək göstəricilərlə başa vurur. Elə həmin ildən Murov istiqamətində yerləşən hərbi hissələrdən birində bölük komandiri kimi Vətənə xidmətə başlayır. Vətən qarşısında 10 illik qüsursuz xidmətləri ona bu illər ərzində bir çox təltiflər, mükafatlar, medallar gətirir. Ali Hərbi Məktəbin magistr pilləsini də bitirir.
Vətən müharibəsi başlayanda həmlə taboruna komandirlik edən kapitan Mahmudov Füzulinin Əhmədbəyli kəndindən əks-hücum əməliyyatlarına qoşulur. Şəhidin atası Hilal Mahmudov deyir ki, işğalçı ermənilər Cavidin taborundan qorxaraq xeyli geri çəkilib: "Oğlum taboru ilə, 300 nəfərlik şəxsi heyəti ilə birlikdə Füzuli istiqamətində ən ağır döyüşlərdə iştirak edib. Düşməni torpaqlarımızdan iti qovan kimi qovublar. Oğlumla fəxr edirəm. Dövlətimiz də oğlumun qəhrəmanlığını qiymətləndirdi, Vətən Müharibəsi Qəhrəmanı adı verdi. Nə etmək olar, Vətən sağ olsun!".
Cavid üçün təkcə ana deyil, sinif müəllimi, dost olan Nəsibə müəllimə deyir ki, övlad itkisinə dözmək nə qədər ağır olsa da, Vətənə borcunu layiqincə yerinə yetirdiyi üçün haqqımı ona halal edirəm: "Oğluma toy edəcəyimi gözləyirdim. Oktyabrın 23-də qız toyu olacaqdı, noyabrın 14-də isə oğlan toyu. Toy günü də təyin etmişdik. Amma belə qismət oldu. Nə qədər ki, bu dünyada yaşayıram, Cavidimlə gəlinim də qəlbimdə olacaq".
Cavid əks-hücum əməliyyatlarında aldıqları bütün yüksəkliklərə bayrağımızı özü sancırdı. Oktyabrın 5-də həmlə zamanı 200-dən çox əsgərini mühasirədən xilas edən kapitan, növbəti - 5-ci yüksəkliyə bayrağımızı sancarkən qəfil düşmən gülləsinə tuş gəlib. Qardaşı Nəbi Mahmudov deyir ki, Cavidin qəhrəmanlığı dillər əzbəri olub: "Şəhadətə yüksələndən sonra onun keçdiyi istehkamları görmək üçün azad olunan ərazilərə getdim. Cavid Füzuli rayonu istiqamətində dörd yüksəkliyi alıb və ermənilərin orada qurduğu istehkamları yararaq keçib. Hətta mənə dedilər ki, o, 200-ə yaxın şəxsi heyəti düşmən mühasirəsindən xilas edib. Çox fəxr elədim".