Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ATƏT-in Minsk Qrupu kimi aldatmaq istəyir?

ATƏT-in Minsk Qrupu kimi aldatmaq istəyir?

Tarix: 17 Fevral 2021 15:08

"ATƏT-in Minsk Qrupu təsəvvür yaratmağa çalışır ki, onlar mövcuddurlar, qurum olaraq fəaliyyətdədirlər və növbəti mərhələdə də öz fəaliyyətini ötən illərdəki prinsiplər üzərində qurmaq niyyətindədirlər".

Bunu Sonxeber.net-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, ötən 30 il göstərir ki, Minsk Qrupu danışıqlar prosesinin imitasiyası üçün Ermənistana müxtəlif yardımlar edib:

"Regionda siyasi vəziyyət dəyişilib. İqtisadi vəziyyət də dəyişməyə başlayıb. Bu reallıqlar başqa reallıqlardır. Artıq köhnə yanaşmalarla bu siyasi proseslərə qatılmaq düzgün olmazdı və qeyri-ciddidir. Düşünürəm ki, Azərbaycan tərəfi bununla bağlı öz fikirlərini söyləyib. 

Minsk Qrupu fəaliyyət göstərmək istəyirsə, bu fəaliyyət konstruktiv məcrada olmalıdır. Bütün qoyulan məsələlər real olmalıdır və nəticə etibarı ilə beynəlxalq norma və prinsiplərə əsaslanaraq öz həllini tapmalıdır. 

Təəssüflər olsun ki, ötən 30 il göstərir ki, Minsk Qrupu danışıqlar prosesinin imitasiyası ilə məşğul olurdu və yaxud da bu imitasiyanı yaratmaq üçün Ermənistana müxtəlif yardımlar edirdi. Əgər bu yeni mərhələdə vəziyyətə həmin meyarlarla yanaşsalar yenə heç bir nəticə olmayacaq. Onların keçən 30 il ərzindəki bu fəaliyyəti onsuz da heç bir nəticə vermədi. 

Anjey Kaspşikin bu illər ərzindəki fəaliyyəti hər kəsə məlumdur. Bunlar indi kimi aldatmaq istəyirlər? Kaspşik güya müşahidəçi idi, nəyi müşahidə edirdi? Bir dəfə onun müşahidələrində göstərilibmi ki, Azərbaycanın kəndləri, şəhərləri dağıdılıb, məscidləri dağıdılıb, orada yaşayışı bərpa etmək çox çətindir? Müşahidələri ancaq cəbhədə olan vəziyyətlə bağlı idisə, o zaman o niyə bu hesabatlarda konkret demirdi ki, cəbhə xətti azərbaycanlıların sıx yaşadıqları kəndlər və şəhərin yanından keçir və hər an orada yaşayan mülki əhali təhlükə ilə üzləşir? Təhlükəni sovuşdurmaq üçün konkret addımlar atılmalıdır. Müəyyən meyarlar, prinsiplər var ki, onlara əsasən hesabatlarını tərtib etməli idilər. Yoxsa hamıya xoş gəlmək üçün hansısa mənasız hesabatlar hazırlanmasının nə mənası var idi, hansı məqsəd güdülürdü?! 

Bu suallar açıq olaraq qalır və düşünürəm ki, yenə də ATƏT-in xüsusi nümayəndəsi institutunun bərpa edilməsi indiki şəraitdə heç bir fayda verməyəcək. 30 il ərzində heç bir fayda verməyib, indi də fayda verməyəcək. Artıq bu oyunlardan əl çəkmək lazımdır. "Gizlənqaç" oynamağın nə vaxtıdır, nə də yeri. Əməli işlərlə məşğul olmaq lazımdır. Əməli işlər Noyabrın 10-da imzalanmış üçtərəfli sənəddə əksini tapıb ki, orada regionda hansı işlərin həyata keçirilməli olduğu göstərilib. 

Erməni silahlıları tam olaraq regionu tərk etməlidirlər. Azərbaycanlılar və ermənilərin orada birgə yaşaması üçün şərait yaradılmalıdır, kommunikasıyalar açılmalıdır - Budur reallıq! Reallıq diqtə edir ki, Minsk Qrupu, həmsədrlər və yaxud da ki, başqa maraqlı tərəflər bununla barışsınlar".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrləri fevralın 16-da Ermənistan xarici işlər naziri Ara Aivazian və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə videokonfrans formatında ayrı-ayılıqda görüş keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşik də görüşlərə qatılıb. Həmsədrlər nazirlərlə bölgədə sabitliyin təşviqi, vasitəçilik prosesinin üsulları və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin rolu ilə əlaqədar uzun və əsaslı fikir mübadiləsi apadıqlarını bildiriblər.

Təhməz Əsədov


Etiketlər:  ATƏT Minsk Qrupu kimi aldatmaq istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ