Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 12:56
Ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər davam etdirilir. Bu istiqamətdə "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) yaradılması prosesinə start verilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Sonxeber.net-a verilən məlumata görə, sistemin yaradılması Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək
Layihə üzrə Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və sair barədə məlumatlar yer alacaq.
HİQS vasitəsilə heyvanın peyvəndlədiyi vaksinlər və peyvəndləmədən sonra gözləmə dövrü, müalicə üçün işlədilən dərmanların heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq. Sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək. Bu isə ölkəmizin müvafiq sahədə dünya iqtisadi birliyinə inteqrasiyasını asanlaşdıracaq.