Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2021 16:00
İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən bu ilin yanvar ayı ərzində 268 087 nəfər sözügedən müəssisələrə ümumilikdə 448 501 dəfə müraciət edib.
Agentlikdən Sonxeber.net-a bildirilib ki, bu müraciətlər üzrə ümumilikdə 873 019 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 752 776-sı ambulator, 120 243-ü isə stasionar şəraitdə göstərilib.
Bu ilin yanvar ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (366), Şirvan şəhəri (183), Zaqatala (170), Qax (140), Ağdaş (136), Qəbələ (135), Göyçay (129), Oğuz (126), Ağsu (124) və Xaçmaz (121) rayonları.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (97 814), Xaçmaz rayon Mərkəzi Xəstəxanası (50 605), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (40 844), Zaqatala (37 154), Ağdaş (34 797), Şəki (33 945), Göyçay (33 931), Qusar (27 256), Quba (25 593) və İsmayıllı (24 391) rayon Mərkəzi Xəstəxanaları.
Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz rayon Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Zaqatala, Şəki, Göyçay, Ağdaş, İsmayıllı, Ucar və Quba rayon Mərkəzi Xəstəxanaları.
Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Ağdaş, Qobustan, Qusar rayon Mərkəzi Xəstəxanaları, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Quba, Göyçay, Zaqatala və Bərdə rayon Mərkəzi Xəstəxanaları.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs sisteminin xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılıb. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir.
2021-ci ilin yanvar ayı ərzində TƏB üzrə əhalinin hər 1000 nəfərinə olunan müraciət sayına gəldikdə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (123), Şəki-Zaqatala TƏB (119), Göyçay-Kürdəmir TƏB (104), Dağlıq Şirvan TƏB (103), Quba-Xaçmaz TƏB (97), Gəncə TƏB (62), Şəmkir-Tovuz TƏB (48), İmişli-Sabirabad TƏB (39), Sumqayıt TƏB (38), Cəlilabad-Salyan TƏB (37), Ağdam-Ağcabədi TƏB (34) və Lənkəran TƏB (31).
TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə isə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (166 176), Şəki-Zaqatala TƏB (165 678), Quba-Xaçmaz TƏB (138 557), Dağlıq Şirvan TƏB (87 945), Göyçay-Kürdəmir TƏB (83 992), Gəncə TƏB (66 330), Şəmkir-Tovuz TƏB (46 620), İmişli-Sabirabad TƏB (34 860), Ağdam-Ağcabədi TƏB (31 158), Lənkəran TƏB (27 802), Cəlilabad-Salyan TƏB (22 720) və Sumqayıt TƏB (1181).
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir.
Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcəklər.