Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 12:20
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılmasına start verilib. Sistemin yaradılması Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Kredit və İnkişaf Agentliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, layihə üzrə Dünya Bankının maliyyə dəstəyi ilə proqram təminatının yaradılmasına başlanılıb. Proqram təminatı yaradıldıqdan sonra seçilmiş müvafiq ərazidə iribuynuzlu heyvanlar və atlarda identikləşdirmə aparılmaqla sistemin sınağı həyata keçiriləcək. Sistemin mərhələli şəkildə yaradılması, pilot ərazidə sınaqdan keçirildikdən sonra bütün ölkə üzrə tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının "fermadan süfrəyədək" izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. İdentifikasiya sistemi heyvan mənşəli məhsulun hansı təsərrüfatdan çıxması, neçə nömrəli heyvanın ətindən və ya südündən hazırlanması, hansı istehsal müəssisəsində emal olunması barədə məlumatları özündə birləşdirir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, nə zaman vaksinasiya olunması, hansı baytarlıq preparatlarından istifadə edilməsi və sair barədə məlumatlar yer alacaq.
Sistemin tətbiqi damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi və idarə olunması, xəstəliklərə qarşı baytarlıq tədbirlərinin icrasına imkan verəcək.