Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2021 17:20
Bildiyiniz kimi mart ayının 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının XIV zirvə toplantısı onlayn şəkildə baş tutmuşdur. Ümumiyyətlə, bu təşkilatın əsas məqsədi üzv ölkələri arasında, eləcə də regionda qlobal iqtisadi şərtləri nəzərə alaraq ticarət səviyyəsinin yüksəldilməsi, idxal və ixrac əməliyyatlarının artırılması istiqamətində məhdudiyyətlərin aradan qaldırılması, logistik ticari nəqliyyatın həcmini artırmaqdır. Azərbaycan üzv olduğu dövrdən bəri, təşkilatın səmərəli fəaliyyət göstərməsində, İƏT ölkələri arasında iqtisadi əlaqələrin sıx qurulmasında maraqlıdır.
Bunu Sonxeber.net-a açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.
Ekspert deyib ki, logistik mərkəzlərin yaradılması, daşınmalar üçün iqtisadi mədudiyyətlərin götürülməsi iqtisadi-ticari əlaqələrin genişlənməsinə xüsusi töhvə verəcəkdir:
"44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın həm siyasi, həm hərbi, həm iqtisadi, həm coğrafi mövqeyinin əhəmiyyəti xüsusi ilə artmışdır. Bu baxımdan region və təşkilatın platformasına daxil olan ölkələrlə əməkdaşlığı gücləndirmək həm Azərbaycan üçün, həm digər dövlət üçün maraqlıdır. İlk öncə, baxaq görək təşkilatın əsas aparıcı üzv ölkələri kimlərdir? Həmişə Azərbaycanın yanında olan Türkiyə, Pakistan və digər türk dövlətləri. O zaman Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı artırmaq hər kəs üçün həddindən çox maraqlı olmalıdır.
Tarixi İpək yolunun bərpası və eləcə də, Türkiyə ilə Azərbaycan arasında birbaşa nəqliyyat yolunun açılması, əslində, təşkilata üzv ölkələr arasında ticari nəqliyyat daşımalarının həcminin artırılması üçün çox mühüm bir faktordur. Bu trayektoriya üzrə logistik mərkəzlərin yaradılması, daşınmalar üçün iqtisadi mədudiyyətlərin götürülməsi iqtisadi-ticari əlaqələrin genişlənməsinə xüsusi töhvə verəcəkdir. Bu baxımdan düşünürəm ki, Azərbaycan əlaqələrin artırılması istiqamətində bəzi təşəbbüslər irəli sürməli və daxili dəyişikliklər etməlidir:
I. Öncə təşkilata üzv ölkələrlə bağlanan iqtisadi-ticari müqavilələrin maddələrinə müəyyən dəyişikliklər etməlidir. Belə ki, həmin üzv ölkələri ilə aparılan idxal - ixrac əməliyyatlarında tətbiq edilən gömrük rüsumları minimallaşdırılmalı, bütün məhdudiyyətlər aradan qaldırılmalıdır.
II. İşğaldan azad olunan Qarabağ bölgəsinin qurulması, regionun iqtisadi mövqeyinin yaxşılaşdırılması üçün üzv ölkələrin investorlarına xüsusi imkanlar tanınmalıdır.
III. İstər səhiyyə, istər energetika, istər turizm və digər sahələrdə üzv dövlətlərin sahibkarları və şirkətləri arasında qarşılıqlı partnyorluq, ortaqlıq müqavilələri bağlanmalı və birgə müştərək fəaliyyətlər həyata keçirilməldir.
IV. Ölkə səviyyəsinda son on ildə baş verən institusional problemlər aradan qaldırılmalı, prioritet sahələr üzrə qanunvericilik və eyni zamanda hüquqi normativ baza təkmilləşdirilməli və səmərəlilik artırılmalıdır.
V. Neft iqtisadiyyatından elm, texnologiya və süni intellekt iqtisadiyyatına keçid sürətlənməli, rəqəmsal transformasiya üzrə hökumət strategiyası hazırlanmalı və təkmilləşdirilməli, innovativ texnoloji və maddi idarəçilik prinsipləri əsasında dayanıqlı iqtisadi inkişaf formalaşdırılmalı, yaşıl iqtisadiyyat və innovativ metodlar tətbiq edilməlidir.
Təhməz Əsədov