Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Qarabağda bundan artığını edə bilməyəcək - İrəvan dağıla bilər

Ermənistan Qarabağda bundan artığını edə bilməyəcək - İrəvan dağıla bilər

Tarix: 29 Mart 2021 11:03

Ermənistan faktiki olaraq beynəlxalq hüququ, onun prinsiplərini yenidən ayaq altına atmaqla məşğuldur. Hələ də xalqını küçələrdə əzilməkdən, ayaq altında qalmaqdan xilas etməyin yollarını tapa bilməyən Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti manipulyasiyası haylar üçün faciə ilə nəticələnə bilər. Belə ki, 44 günlük savaşla 30 illik çabaları yerlə bir edilən qondarma rejimin parlamenti bir neçə gün öncə həm erməni, həm də rus dilini dövlət dili elan etməklə keçən ilin 10 noyabrında, eyni zamanda bu ilin 11 yanvar tarixində Azərbaycan, Ermənistan və Rusiya siyasi liderlərini tərəfindən imzalanan bəyanata zidd getməkdən çəkinmədi. Bu, təbii ki, ilk növbədə onların revanşist hisləri ilə bağlıdır. Heç bir halda qəbullanmaq istəmirlər ki, Azərbaycan müharibədə qalib gəlib, Ermənistanı diz çökdürüb və bu ölkənin rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Separatçı rejim rus dilini dövlət dili elan edirsə, burada hansı niyyətlərin olduğunu anlamaq çətin deyil. Tarix boyu Rusiyanın vassalı olan Ermənistan hərbi-siyasi rəhbərliyi qəbul edir ki, onları bu ağır, acınacaqlı vəziyyətdən yenə də əsas havadarları xilas edə bilər. Amma unudurlar ki, bu dəfə xilas üçün bir çıxış yolu var - Bəyanatın müddəalarını yerinə yetirmək. 

Çünki Azərbaycan Prezidenti hələ müharibədən də əvvəl dəfələrlə öz çıxışlarında Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü bildirsə də, rəsmi İrəvanın təxribatlardan əl çəkməyəcəyi, münaqişəni süni şəkildə yenidən daha neçə illər uzatmağa cəhd edəcəyi təqdirdə müharibənin də istisna olmadığını hər dəfəsində istər Ermənistan rəhbərliyinə, istərsə də onların havadarı olan bəzi dövlətlərə, beynəlxalq təşkilatlara açıq şəkildə bildirirdi. Sonda nə baş verdi?! Azərbaycan ərazilərinin böyük hissəsini hərb yolu ilə azad etdisə, qalanını düşməni məcbur edərək bir güllə belə atmadan geri qaytardı. Amma Azərbaycan dövlət başçısı eyni mesajları manipulyasiya cəhdlərindən, təxribatlarından bir an olsun əl çəkməyən Ermənistana yenə edilən xəbərdarlıqları qulaqardına vurmamağa çağırır. Çünki bu dəfə nəticəsi Ermənistan üçün 44 günlük Vətən Müharibəsindən də faciəvi nəticə ilə sona çata bilər. 

Erməni separatçıları Xankəndidə "parlamentlərinin" iclasında rus dilinin ikinci dövlət dili elan olunması haqqında qərar qəbul etmələri aydındır ki, Moskvaya xoş gəlmək və Rusiyanın nökəri kimi davam etməyə razı olduqlarını göstərir. Erməni tərəfi bununla həm də Rusiyanı aldatmağa çalışır ki, Qərblə bağlı böyük xəyallar qurmaqdan əl çəkdilər.

İstənilən halda Azərbaycanın düşmənin təxribatını cavabsız qoymayacağı gözləniləndir. Çünki elə Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında  açıq şəkildə bəyan etdi ki, Qarabağda rus dili rəsmi dil ola bilməz. Azərbaycanın bir rəsmi dili var, Ermənistan tərəfi bunu anlamalıdır! "Arsax" dövləti olmayıb və olmayacaq da. Qarabağ aranı ilə, dağı ilə Azərbaycanın ayrılmaz hissəsidir!

Sual yaranır - Axı Nikol Paşinyan son açıqlaması ilə Azərbaycanla kommunikasiya xəttlərinin açılmasında maraqlı olduqlarını dedi. Xeyr, əslində Nikol yenə ikili oyun oynayır. O, konstruktiv görsənmək üçün kommunikasiyaların bərpasında maraqlı olduğu təəssüratını yaratmaq cəhdi tək xarici deyil, həm də daxili vəziyyətlə əlaqəlidir. Nikol Paşinyan aponentlərinə qarşı mübarizədə mühim silah ola biləcək 10 Noyabr və 1 Yanvar bəyanatındakı kommunikasiya barədə bəndin ölkəsinin maraqlarına cavab verdiyini ən azı öz tərəfdarlarına çatdırmğa çalışır. Paşinyan bu bəyanatla bir tərəfdən əleyhdarları qarşısında xalqdan dəstək almaq, digər tərəfdən Ermənistanın işıqlı gələcəyinin bu bənddən asılı olduğunu ictimai şüurlara yeritməklə seçki qabağı reytinqini qaldırmaq maraqlarına xidmət edir. 

Ermənistan bu cür təxribatlar törətməkdənsə 10 Noyabr və 11 Yanvar bəyanatının şərtlərinə əməl etsə, yaxşı olar.

Şərti olaraq bu sənədlərin imzalanmasında iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da son "Türkiyə və Azərbaycan qardaşlığını daha da gücləndirən bu mərhələnin imzalanan razılaşmalar formasında başa çatması üçün prosesi yaxından izləməkdə davam edəcəyik" açıqlaması ilə əslində Ermənistanla yanaşı Rusiyaya da Qarabağda baş verənləri yaxından izlədiklərini və orada baş verən istənilən hadisədən xəbərdar olduqlarını eşitdirdi. O demək istədi ki, rəsmi Ankara Rusiyaya Qarabağ razılaşmasını sabotaj etməyə imkan verməyəcək.

Hər halda Rusiyaya dünyada baş verən son siyasi proseslər fonunda siyasi xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalan Ermənistanın maraqlarına xidmət etməkdən çox, sürətlə həm diplomatik arenada söz sahibinə çevrilən, həm də hərbi müstəvidə 5-ci nəsil döyüş silahları ilə II Qarabağ müharibəsindən sonra daha çox dünyanın haqqında danışdığı Türkiyənin yanında olması lazımdır. Çox güman ki, bunu tez bir zamanda anlayacaq olan rəsmi Kreml onunla öz dilində danışmağı bacardığı Ermənistana ağlını başına yığıb qara işlərinə, çirkin oyunlarına Moskvanı qatmamağı tövsiyə edəcək.

İndiki vəziyyətdə isə 10 Noyabr sənədi faktiki olaraq II Qarabağ müharibəsinin bitdiyini elan edən sülh müqaviləsi olsa da qarşı tərəf reallıqlarla barışmayaraq "müstəqil dövlət" demoqoqiyasına uyğun oyunbazlığını davam etdirir. Düşmən hazırda müstəqil dövlətə xas olan bütün atributları sınaqdan keçirir. Narahatlıq doğuran əsas məqam isə odur ki, Ermənistana revanş şansını tanıyan bəzi dairələrin silah yardımı rejim təmsilçilərini İrəvandan gələcək hərbi dəstəyə həvəsləndirir. Bu addım isə dolayısı ilə Qarabağ ərazisində təxribatçı cəhdlərə və regionda yeni müasir məhvedici gücü yüksək qiymətləndirilən silahların peyda olmasına zəmin yaradır. Prezident İlham Əliyevin 26 fevralda baş tutan mətbuat konfransında dediklərinə istinad edərək bildirmək istəyirəm ki, əgər uzunmüddətli sülh istəyiriksə məsuliyyətsiz insanların əlində belə məhvedici vasitələr olmamalıdır. 

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Ermənistan Qarabağda bundan artığını edə bilməyəcək İrəvan dağıla bilər


RƏYLƏR