Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2021 17:26
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən (DSX) Sonxeber.net-a verilən məlumata görə, son günlərdə xidmət əməkdaşlarının sayığlığı nəticəsində növbəti dəfə təxmini çəkisi 45 kiloqram narkotik vasitələrə bənzər maddələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.
Mart ayının 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Sərxanlı kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolaqda 2 nəfər naməlum şəxsin hərəkəti müşahidə olunmuşdur. Sərhəd naryadı tərəfindən onlara "Dayan" komandası verilmiş, sərhəd pozucuları əmrə tabe olmayaraq hadisə yerindən qaçmışlar.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmış, sərhəd naryadı tərəfindən qaçaqmalçıların təqibi və hadisə yerinin axtarışı həyata keçirilmişdir.
Əraziyə baxış zamanı 3 ədəd bağlama içərisində 11965 qram narkotik vasitələrə (8700 qram heroinə, 3185 qram metamfetaminə, 80 qram marixuanaya, 4030 ədəd metadon-40 həbinə) bənzər maddələr və 10 ampula "maydrax" adlı dərman preparatları aşkar olunaraq götürülmüşdür.
Mart ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Aşağı Çəmənli kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən şübhəli şəxs qismində saxlanılmış 1983-cü il təvəllüdlü Bakı şəhər sakini Məmmədov Ramin Yavuz oğlunun əlindəki bağlamaya baxış zamanı içərisində 15890 qram tiryəkə, 4915 qram həşiş qətranına, 4500 qram metamfetaminə, 4480 qram heroinə, 2610 qram marixuanaya və 300 ədəd metadon-40 həbinə oxşar maddələr aşkarlanaraq götürülmüşdür.
Mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Astara şəhərinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə hərəkət edən naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilmişdir. Sərhəd naryadının "dayan" əmrinə tabe olmayan sərhəd pozucusu əlindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, ərazinin isə sıx kolluq olmasından istifadə edərək geriyə qaçmışdır. Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilmiş, nəticədə 1 ədəd bağlama içərisində 2420 ədəd metadon-40 həbləri aşkar edilmişdir.
Bütün faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.