Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 14:51
Hər il 31 mart Azərbaycanlıların soyqırımı Günü kimi qeyd olunur. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrlərdə isə həmin torpaqların özgəninkiləşdirilməsi prosesi başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib: İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orda yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsi altında "Erməni vilayəti" adlandırılan inzibati bölgənin yaradılmasına nail oldular. Süni surətdə yaradılmış bu ərazi bölgəsi, əslində azərbaycanlıların öz tarixi torpaqlarından qovulması, Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirilməsi üçün şərait yaradıb. Azərbaycan torpaqlarında "Böyük Ermənistan" yaratmaq ideyasını reallaşdırmaq üçün erməni xalqının tarixinin saxtalaşdırılmasına başlanıb.
"Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. Ermənilərin törətdikləri, Bakıdan başlanan kütləvi qırğınlar Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini əhatə edib. Yüzlərlə yaşayış məntəqələri dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.
Bu siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımı öz ağır nəticələri ilə seçilir. 2018-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətlərinə görə xüsusi qəddarlıqla qırğına məruz qalıb, insanlar diri-diri yandırılmış, tarixi və mədəniyyət abidələri, məktəblər, xəstəxanalar, məscidlər və qəbiristanlıqlar yerlə yeksan edilib.
31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər yaşayış məntəqələrində kütləvi qırğınlar törədilib, 30 mindən çox dinc əhali amansızca qətlə yetirilib. Daha sonra Şamaxı, Quba, Kürdəmir və Səlyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxşıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla azərbaycanlılara qarşı soyqırımı həyata keçirilib. Bu hadisələr zamanı Şamaxıda 70-dən çox kənd tamamilə məhv edilmiş, yeddi min nəfər öldürülüb. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb və yandırılıb, minlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib.
Ermənilər tərəfindən azərbaycan xalqına qarşı törətdilən bu vəhşiliklər XX əsrin müxtəlif illərində davam etmiş və əsrin sonlarında pik həddə çatmışdır. Erməni faşistləri 1988-1992-ci illər ərzində Ermənistanda yaşayan yüz minlərlə soydaşımızı, öz dədə-baba yurdlarından qovmuş ,bunun ardınca Qarabağ da daxil olmaqla Azərbaycanın 20% torpaqlarını işğal etmiş, bir milyondan artıq dinc sakin öz doğma yurdlarından məcburi köçkün düşmüşlər.
Aradan uzun illər keçsədə erməni cəlladlarının törətdikləri o qanlı hadisələr, ağla sığmaz vəhşiliklər unudulmayıb və Azərbaycan xalqı tərəfindən heç bir zaman unudulmayacaq. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa olunduqdan sonra tarixi keçmişimizi daha dərindən öyrənmək imkanı yaranıb, uzun illər gizli qalmış həqiqətlər üzə çıxıb.
Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixində imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanla həmin dəhşətli hadisələrə siyasi qiymət verilib. 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və hər il dövlət səviyyəsində qeyd olunur. 2018-ci ildə bu bəşəri cinayyətlər barədə həqiqətlərin ölkə və dünya ictimayyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən geniş tədbirlər planı həyata keçirilib.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi zamanı tariximizdə ilk dəfə olaraq işğal edilmiş torpaqlarımızı işğaldan azad etdi. Öz doğma yurdlarından didərgin düşmüş soydaşlarımız tezliklə yenidən salınmış kənd və qəsəbələrə, şəhərlərə öz evlərinə, doğma yurdlarına qayıdacaqlar.
Erməni millətçiləri tərəfindən 1918-ci ildə və daha sonralar o cümlədən XX əsrin axırlarında azərbaycanlılara qarşı törədilmiş bu soyqırımları zamanı qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edərək, beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq 31 mart Azərbaycanlıların soyqırımını dövlətlər və beynəlxalq təşkilatlar tərəfindın genosid aktı kimi tanımağa çağırır və soyqırımı törədən Ermənistana qarşı sanksiyalar təbiq olunmalı, günahsız, dinc əhaliyə qarşı soyqırımı həyata keçirən cinayyətkarlar ədalət məhkəməsinin qarşısında cavab verməlidirlər..
Milli Məclisin deputatı
Rauf Əliyev