Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2019 15:21
Bakı. İlhamə İsabalayeva – Trend:
Prezident İlham Əliyevin əsas hədəflərindən biri ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsidir. Son illər bu sahəyə dövlət səviyyəsində böyük diqqət var. Ölkə başçısının tapşırığına əsasən, kənd təsərrüfatı və bu sahədə çalışan sahibkarlara maddi dəstək göstərilir, güzəştli kreditlər verilir. Fermerlərə böyük həcmdə subsidiyalar ayrılır, onlar texnika və digər vasitələrlə təmin edilirlər.
Ölkədə yaradılmaqda olan aqroparklar isə ixrac potensialının inkişafında inqilabi nəticələrə nail olmağa hədəflənib. Bunun nəticəsidir ki, ötən aylar ərzində kənd təsərrüfatı məhsullarının istehsalında böyük artımlar müşahidə olunub. Əlbəttə ki, istehsal olunan məhsullar ölkəmizin ərzaq təhlükəsizliyini təmin edir. Digər tərəfdən, fermerlər xarici bazarlara çıxmaqla böyük gəlir əldə edirlər.
Azərbaycan dünyada yeni ixrac bazarlarının axtarışındadır. Dövlətin bu istiqamətdə atdığı addımlar artıq bəhrəsini verir. Prezident İlham Əliyevin tapşırığı ilə subsidiya ayrılan sahələrdən biri də arıçılıqdır. Arıçılar artıq dövlətdən kifayət qədər yardım alırlar. Odur ki, arı ailələrinin sayı və bal istehsalı artıb, ötən il daxili bazarın bal təminatı tam ödənilib. İndi arıçılar Azərbaycan balını xarici bazara çıxarmaq istiqamətində fəal işə başlayıblar. Bu isə gələcəkdə ölkəmizə daha çox valyuta gətirəcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə aqrar sahədə ciddi islahatlar həyata keçirilir: "Artıq aparılan islahatlar nəticəsində aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və bu islahatların əsas hədəflərindən biri kənd təsərrüfatı məhsullarının istehsalını hər formada dəstəkləməkdir. Fermerlərin subsidiyalardan daha səmərəli istifadə etmək imkanları artırılır. Yeni qaydalar təbii ki, Prezidentin imzaladığı fərmanda öz əksini tapıb. Burada bir çox subsidiya növlərinin birləşdirilərək vahid şəkildə verilməsi nəzərdə tutulur. Bunun mexanizmi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi geniş maarifləndirmə işlərinə başlayıb. Hazırda Dövlət Aqrar İnkişaf mərkəzləri fermerlərlə görüşlər keçirərək yeni subsidiya qaydalarını izah edirlər".
V.Hüseynov vurğulayıb ki, kənd təsərrüfatının digər sahələrinə də ciddi şəkildə dövlət dəstəyi mövcuddur: "Bu sahələrdən biri arıçılıqdır. Ötən il Prezidentin imzaladığı müvafiq fərmana görə Azərbaycanda ilk dəfə olaraq arıçılara subsidiyaların verilməsi ilə bağlı qərar qəbul olunub və Nazirlər Kabinetinin ilin sonunda qəbul etdiyi qərara əsasən, hər arı ailəsinə 10 manat subsidiya verilir".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin