Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 21:48
ABŞ milyarderi İlon Maska məxsus "SpaceX" şirkətinin "Starlink" peyk internetinin istifadəçiləri məlumat ötürmə sürətinin xeyli artdığını bildiriblər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, ABŞ sakinlərindən biri tərəfindən "iPad Mini" planşetinin peyk internetinə qoşulması zamanı 200 Mbit/saniyə sürət qeydə alınıb. Onun sözlərinə görə, qeydə alınan ən zəif nəticə 44 Mbit/saniyə təşkil edib.
Lakin 200 Mbit/saniyə göstəricisi "Starlink" interneti üçün son sürət həddi deyil. Belə ki, Sietl və Nyu-York istifadəçiləri testdə müvafiq olaraq 230 və 240 Mbit/saniyə sürətlə təmin ediliblər.
Qeyd edək ki, ötən ilin sentyabrında "SpaceX" şirkəti ABŞ Federal Rabitə Komissiyasına "Starlink" şəbəkəsində orta yükləmə sürətinin 43 Mbit/saniyə təşkil etməsi barədə məlumat verib. Bir ay sonra bu göstərici 80 Mbit/saniyəyədək artıb. İ.Maskın bir müddət əvvəl bildirdiyinə görə, 2021-ci ilin sonunadək sürət 300 Mbit/saniyəyə bərabər olacaq.
Perspektivdə "Starlink" peyk internetinin məlumatları 10 Qbit/saniyə sürətində ötürməyə imkan verəcəyi gözlənilir.