Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 13:46
Aprelin 8-də saat 14 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsində yerləşən daş karxanasında 1997-ci il təvəllüdlü Əhmədov Əli Muxtar oğlunun təmir işləri zamanı xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon prokurorluğundan Sonxeber.net-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əli Əhmədov daş karxanasında traktorun təmiri zamanı ekskavatorun qovşağına asılı vəziyyətdə olan döşəmə ilə traktorun kabinasının arasında qalması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.