Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2021 23:52
Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin bu ilki keçirilmə tarixi gizlədilib. İstifadəçilər şirkət tərəfindən təqdim edilmiş həmin mesajı deşifrələmək üçün o qədər də çox vaxt sərf etməyiblər. Nəticədə məlum olub ki, yeni Android 12-nin təqdimatını çox gözləmək lazım gəlməyəcək. Beləliklə şifrələnmiş mesajın deşifrələnməsi nəticəsində məlum olub ki, bu ilki Google I/O tədbiri 18-20 may tarixlərində baş tutacaq. Tədbir online formatda keçiriləcək və bütün istifadəçilər üçün pulsuz olacaq. Sözügedən tədbir ilk növbədə istifadəçilər və tərtibatçılar üçün nəzərdə tutulmuş Google məhsullarına həsr olunur.
Tədbirə həmçinin texniki sessiyalar da daxil olacaqlar. Qeydiyyatdan keçmiş istifadəçilər professional mütəxəssislər tərəfindən keçirilən pulsuz seminarlarda iştirak edə biləcəklər. Lakin tədbirin əsas diqqəti təbii ki, yeni Android versiyasına ayrılacaq. Hamının gözlədiyi Android 12 məhz Google I/O 2021 tədbiri çərçivəsində rəsmi şəkildə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, hal hazırda Android 12-nin beta versiyası Android 12 Developer Preview formatında tərtibatçılar üçün aktivdir. Tədbirdə əməliyyat sisteminin yeni versiyasında reallaşdırılacaq yeni funksiyalar və onun stabil versiyasının istifadəçilər üçün nə zaman təqdim olunacağı barəsində məlumatlar veriləcək.