Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2021 13:30
"Anarla bir-birimizi sevib ailə qurmuşuq. Evlilikdən sonra bütün problemlər ortaya çıxdı. Üstündən 6 ay keçdi, ailəsi bizi qəbul etdi. Ondan sonra ailəm genişləndi, problemlərim daha da böyüdü".
Sonxeber.net qafqazinfo-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Dəyişən cavab" proqramında qonaq olarkən deyib.
Müğənni verilişdə keçmiş həyat yoldaşı Anar Cəlilovla ayrılıq dövründə çətin anlar yaşadığını, həyat yoldaşına görə borca girdiyini, hər şeyi satdığını qeyd edib:
"Ayrıldığımız dövrdə qorxduğum bütün şeyləri yaşadım. Təsəvvür edin, 500 min manata faizə pul verirlər. Hər ay pulu ödəyirsən, amma borc azalmır. Atamın evinə qədər satmışdım. İndi ondan da yaxşısını almışam. Yeddi il bundan qabaq hər şeyi sıfırdan başladım. Tək qadın olaraq yenidən qurmağa çalışdım. 2015-ci ildə konsert verdim, əldə etdiyim pulla torpaq aldım ki, ev tikəcəm. Beş ilə ancaq bitirdik. Oğlum Hüseyn deyirdi ki, ana, neçə ildi bu evin ancaq şəklinə baxıram. Hər şeyi balamız üçün edirik. Mənə qalsa, ikiotaqlı evdə də qalaram. Sözümün canı odur ki, bir bəla varsa, heç nədən çəkinməsinlər, nələrisə fəda versinlər. Bir günün içində 15 il yığdığımı itirmişəm. Hələ indi yerinə qaytarıram".
Röya Ayxan A. Cəlilovun birinci xanımından ona görə ayrılması barədə yayılan şayiələrə də aydınlıq gətirib: "Anarın ilk evliliyindən oğlu var. Biz tanış olanda artıq o, 9-11 ay əvvəl xanımından boşanmışdı. Hər kəs dedi ki, mən onunla evli ola-ola görüşmüşəm. Bu, əsla belə deyil! Anarla başqa şeyin üstündə ayrıldıq. Çünki çətinliklər məni çox yordu. Ona xoşbəxtlik arzu edirəm. İnşallah sonuncu xanımı ilə xoşbəxt olar".
Xalq artisti qayınanası ilə Anarı ilk həyat yoldaşından ayırmaq üçün müqavilə imzalama məlumatları barədə də danışıb: "Dünyanın ən gözəl qayınanası onun anası Nazilə xanımdır. Ayrılanda utandım ki, ona necə deyəcəyim? Onların ailəsi bir-birinə çox bağlıdır. Xoşbəxtəm ki, o ailədən uşaq dünyaya gətirmişəm".
Sənətçi keçmiş həyat yoldaşı Anardan illər əvvəl ayrılsa da, onu hələ də sevdiyini deyib: "Anarı çox sevmişəm. Bəlkə, bu gün də onu sevirəm. Bir müddət əvvəl oğlumla futbola gedərkən şəkil çəkdirmişdi. Baxdım ki, onun saçları çox ağarıb. Mənə pis təsir etdi. Çünki insan istəmir sevdiyi yaşlansın, saçları ağarsın. Adam ancaq sevdiyi zaman bütün hər şeydən keçir. Ayrılanda isə nifrət etmək lazım deyil".
Qeyd edək ki, Röya Anar Cəlilovla 2008-2014-cü illərdə ailəli olub. Cütlüyün bu nikahdan Hüseyn adlı oğlan övladı var.