Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - VİDEO - FOTO

“O vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi” - VİDEO - FOTO

Tarix: 8 May 2021 10:52

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığması cəmi 1 qızıl medal qazandı. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hamının gözlədiyi kimi fəxri kürsünün ən yüksək pilləsinə qalxan Mariya Stadnik ümidləri doğrultdu.

O, komandamızın hesabına qızıl medalı yazmaqla yanaşı, Avropa çempionatlarında da tarix yazdı. Mariya 8-ci dəfə öz çəkisində qitənin ən güclüsü oldu.

Qarşıdan gələn Yay Olimpiya Oyunlarında da Stadnik Azərbaycan yığmasının əsas qızıl medal ümidi olacaq. Bütün bunları nəzərə alıb xanım idmançı ilə söhbətləşdik.

O, ilk öncə 8-ci dəfə Avropa çempionu olmasından söz açdı: "Əlbəttə, mən çox xoşbəxtəm ki, 8 qat Avropa çempionu ola bildim. Hər qitə birinciliyindən sonra mənim adım güləş tarixinə yazılır. Bu onu göstərir ki, mən üzərimdə düzgün işləyirəm və mənim işimin nəticəsi ortadadır. Daim uğur qazanmaq üçün motivasiya həmişə var, istənilən yarışa getdikdə birinci olmaq, qalib gəlmək istəyirəm, məğlub olmaq istəmirəm. Motivasiya həyatın boyu sənin daxilində olur. Ancaq hər yarışmanın da özünəməxsus konsentrasiyası olur.

Bəzən övladlarımı, bəzən isə dostlarımı sevindirmək üçün xalçaya çıxıram".

Mariya koronavirus pandemiyasının idmançılara mənfi təsirindən danışıb:

"Təəssüf ki, pandemiya nəinki mənə, bütün idmançılara yaxşı təsir etmədi. Hər kəs eyni vəziyyətdə idi, hamı evində otururdu. Heç kimin normal məşq keçmək imkanı yox idi. İlk vaxtlar evdə öz fiziki formamı saxlamağa çalışırdım, evdə edilə biləcək məşqləri edirdim. Ancaq bu, sadəcə idmançı olduğumu unutmamaq üçün idi.

Müddət uzandıqca panika keçirməyə başlamışdım ki, necə olacaq. Daha sonra az insan sayı ilə məşqlərə icazə verildi. Onda bilirdik ki, bu, təhlükəsizlik tədbirləridir. Məşq zalına gəlməyə başladım. Artıq tatamidə məşq etmək olurdu və bu, yaxşı hal idi. Avropa çempionatından öncə iki seçmə mərhələdə iştirak etdim. Bununla yavaş-yavaş formaya qayıda bildim".

Stadnik Azərbaycana bağlılığı və ölkəmizin onun idman həyatına təsiri haqqında fikirlərini açıqlayıb:

"Gənc idmançı olduğum zaman Azərbaycan yığması məni dəstəklədi və mənə inandı. Özümü idmançı kimi sübut etmək üçün şans verdi. Bu, o vaxt böyük hadisə idi.

Yad bir ölkəyə gəldim, məni qəbul elədilər, sevdilər, insanlar, xalq dəstək verdi. Ona görə indi qalib gələrkən bayrağı qaldıranda bunu fəxr və minnətdarlıq hissi ilə edirəm ki, o vaxt bu insanlar balaca qıza inandılar və ölkəsini bütün beynəlxalq yarışlarda təmsil etmək şansı verdilər.

Azərbaycanda olanda adətən məşq edirəm və burada ailəmlə vaxt keçirmək üçün çox vaxtım olmur. Onları isə bura gətirmək onlar üçün stresli olacaq. Çünki onlara vaxt ayıra bilməyəcəm və yad ölkədə tək qalacaqlar. Ona görə mənim güləşdiyim dövrdə onlar Ukraynada olur. Orada ailəm üçün rahatdır, mənə də burada. Bəlkə karyeramı bitirdikdən sonra birlikdə yaşamaq üçün köç barədə fikirləşəcəyik".

Uğurlu idmançı övladlarının güləşçi olmaq istəməsi ilə bağlı suala belə cavab verib:

"Əlbəttə ki, övladlarım idmançı ailədə böyüyürlər. Onlar analarının nə ilə məşğul olduğunu görürlər və məndən nümunə götürmək istəyirlər. Qızım mənə deyir ki, ana, mən sənin kimi güclü olmaq istəyirəm. Əlbəttə, onlar idmanla məşğul olacaqlar. Hazırda qızım idman gimnastikası, oğlum isə futbolla məşğuldur.

Ancaq qızım mənimlə güləşlə məşğul olmaq istədiyini deyir. Qadağan etməyəcəm, əgər arzusu olsa və bacarsa, güləşlə məşğul olacaq. Uşaqların bu barədə hələ ki, tam anlayışı yoxdur. Onlar bilirlər ki, anaları güləşlə məşğul olur, çoxlu medalları var, ancaq bunun nə olduğunu yüz faiz dərk etmirlər.

Bir az öncə qızımla danışanda ona medal gətirəcəyimi dedim, o isə "şiriniyyat gətirməyi unutma",- deyə cavab verdi (gülür).

Bu səbəbdən onlar üçün medal indi oyuncaq kimidir, nə qədər ciddi olduğunu başa düşmürlər. Düzdür, onlar baxırlar və çoxlu medal qazanmaq istəyirlər, lakin nə qədər əhəmiyyətli olduğunu bilmirlər".


Etiketlər:  vaxt Azərbaycan xalqı balaca qıza inanıb şans verdi VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ