Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 12:20
Ötən yazıda məhz belə ifadə etmişdim "Qarabağ"ı. Dünənki matçda yanılmadığımı göstərdikləri üçün təşəkkür etmək gəlir içimdən. "Qarabağ"ın son mövsümdəki problemlərini, məncə, futbolun içində olan hər kəs bilir, görür. Amma bu komandaya nə vaxt güvənməsələr daha çox, daha böyük inadkarlıq göstərir.
Mövsüm başlamazdan əvvəl çox adamdan "bu il komandadan əlini üz" kimi məsləhətlər eşitmişdim. Dünən "Qarabağ" hərdən ağlımdan "birdən keçə bilməz" fikrini keçirdiyim üçün utandırdı məni. Amma yaxşı ki. Sağ olsunlar. Onlara nə olur-olsun, daim inanmalı olduğumu xatırladım.
"Qarabağ"ın ruhu dünən bədəninə qayıtdı sanki. Komandamı uzun müddət sonra meydanda belə istəkli görürdüm. Mən ağlamağı bacaran biri deyiləm, ancaq onunla bərabər çox emosional adamam. İkinci qoldan sonra tribunadan qalxan səs gözümün dolmağına səbəb oldu. Bir anlıq xatırladım. Son illər mənim sevinc göz yaşlarıma bir "Qarabağ", bir də "Real Madrid" səbəb olub.
"Real" demişkən...
Təxminən o ərəfələrdə digər komandam "Fənərbağça" ilə oynayırdı. Telefonuma hər qol bildirişi gələndə bir ton ağarırdım. Məğlub olsaydılar, emosiya qarışıqlığından ürək tutması keçirərdim yəqin.
"Bir qadın futbolu necə bu qədər çox sevə bilər?" deyə sorğulayırsınız, ha hərdən. Futbol mənə yaşadığımı hiss etdirir. Yəqin ona görə...
Rəfiqə ƏZİZ
[email protected]