Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ

Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ

Tarix: 10 May 2021 09:00

Bugün Azərbaycan regionun ən qüdrətli dövləti, keçmiş Sovet İttifaqı respublikaları içərisində istər iqtisadi inkişaf tempinə, istərsə də beynəlxalq arenadakı nüfuzuna görə 3 ölkədən biridir. Üstəlik Azərbaycan həlli mümkünsüz kimi görünən, artıq az qala unudularaq tarixin yaddaşına köçmək üzrə olduğu fikirləri dolaşan, 30 illik uzun bir dövrü əhatə edən Qarabağ münaqişəsinə son qoymağı bacardı, öz doğma yurd-yuvasına sahib çıxdı. Lakin bunlar bir günün, bir ilin, 10 ilin işi deyil. 

Ermənilər uzun illər Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi üçün mübarizə aparıblar. Bu mübarizəni Sovet İttifaqı zamanı da güclü şəkildə davam etdiriblər. Lakin onların bu çirkin niyyətlərini həyata keçirməyə mane olan əsas amil - Heydər Əliyev amili idi. Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdi. Yalnız onun Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Və nəticəsi hər kəsə məlumdur.

Dünya tarixinə nəzər saldıqda xalqların taleyinə, bəşəriyyətin gələcəyinə təsir edən həlledici amillər sırasında lider faktorunun rolu xüsusidir. 1990-cı illlərin əvvəllərində talehin ümidinə qalan Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə olduğu dönəmdə meydana lider faktoru çıxdı - Azərbaycan xalqının xilaskarı Heydər Əliyev! Məhz, o, 20%-dən çox ərzilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə, ölkədə bütün sahələr üzrə xaos durumun hökm sürməsinə baxmayaraq bütün yükü təkbaşına çiyinlərinə götürdü. 

Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, dinamik inkişafı, beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişi bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. O, xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik misilsiz işlər gördü. Bu işlərin əsas məğzi isə işğal altında olan torpaqların düşmən tapdağından azad edilməsi konsepsiyası təşkil edirdi. Bu konsepsiyanın bir hissəsi iqtisadi Azərbaycan iqtisadiyyatını iqtisadi xaos və tənəzzül dövründən çıxarmaq təşkil edirdisə, ikinci hissə milli mənəviyyatımızı, kimliyimizi, keçmişimizi unutmamaq üçün tədbirlər planından ibarət idi. 

Bunun təsdiqi kimi 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi yad olunması qərarını göstərə bilərik. Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini almaqla həmən tarixdən etibarən mütəmadi olaraq hər il fevralın 26-sı erməni vəhşiliyi, amansızlığı Xocalı soyqırımı qurbanlarının anım günü kimi vasitəsi ilə istər yeni yetişən nəsillərə aşılanmağa başlanıldı. 

Bununla pararalel olaraq dünya miqyaslı iqtisadi layihələrə start verildi ki, onların başlanğıcı kimi Heydər Əliyevin ən mühüm nailiyyətlərindən biri kimi səciyyələndirilən Azərbaycan neftinin dünya bazarına çıxarılması və neftdən əldə olunan gəlir ilə milli büdcəni bərpa etmək mümkün olmağa başladı. 1994-cü il sentyabrın 20-də Bakıda Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi müqavilə imzalandı. Bu müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandı.

Güclü ordu qurmaq üçün güclü iqtisadiyyatın nə qədər əhəmiyyətli olduğunu yaxşı anlayan Heydər Əliyev Azərbaycan xalqının XX əsrin sonlarında ard-arda yaşadığı ağır faciələrin girdabından xilas olmaq üçün həm milli mənəvi ruhun yüksəldilməsini, həm də yaşayış səviyyəsini qaldırmağın vacibliyini yaxşı anlayırdı. Heydər Əliyevin ən güclü silahlarından biri söz idi. O, böyük xalq kütlələrini öz arxasınca aparmaq lazım gələndə də, sözdən ustalıqla istifadə edirdi. Natiqlik ona Allah vergisi idi. Onun natiqlik məharəti incəliklərinə qədər cilalanmışdı. Heydər Əliyev bu məharətindən həm natiq, həm diplomat, həm də həssas bir psixoloq kimi istifadə edirdi. O, xalqla elə danışırdı ki, ölkənin hər bir vətəndaşı hamıya deyilən sözləri şəxsən ona ünvanlanmış kimi qəbul edirdi.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 17 illik hakimiyyəti dövründə ölkənin müxtəlif sahələri üzrə həyata keçirdiyi islahatlar, verdiyi qərarlar, beynəlxalq arenada ölkənin adından sərgilədiyi mövqe Qarabağın və ətraf rayonların 30 illik işğalına birdəfəlik son qoyması ilə nəticələndi. 

Heydər Əliyevin ölkədə qurub yaratdığı siyasi mühitin uğurla önündə dayanan Prezident İlham Əliyev bu ənənəni ağsatmadı, əksinə daha da inkiaş etdirdi. Təxminən 30 il sonra Azərbaycan Ordusunun qəhrəmanlığı, Ali Baş Komandanının siyasi iradəsi və qətiyyəti ilə sonra bütövlüyümüzün təmin olunması, dövlətimizin və dövlətçiliyimizin daha da möhkəmlənməsi, milli kimliyimizin özümüzə qayıtması kimi faktorlar məhz Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik və müstəqil siyasətin davamı kontekstində baş tutdu. 

Məhz 2020-ci il 8 noyabrda Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edildiyini elan edərkən dediyi "Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim" sözləri onun Heydər Əliyev siyasi kursuna sadiqliyini, Azərbaycan dövlətinin nə qədər etibarlı əllərdə olduğunu bütün dünyaya nümayiş etdirdi. 

Təhməz Əsədov


Etiketlər:  Azərbaycanı yenidən bəşəriyyətə bəxş edən DAHİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ