Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2019 16:16
“Toplanış normal axarda keçir. Məşqlərdə həm fiziki, həm də taktiki tapşırıqlar üzərində çalışırıq. Komanda yoldaşlarımla birlikdə məşqlərdə məşqçilər korpusunun tapşırıqlarını böyük həvəslə yerinə yetiririk".
Qol.az-ın məlumatına görə, bu sözləri "Keşlə"nin futbolçusu Slavik Alxasov Türkiyədə davam edən təlim-məşq toplanışı barədə fikirlərini bildirərkən deyib.
Klubun saytına açıqlama verən 26 yaşlı kapitan Türkiyə birinci liqa təmsilçisi "Osmanlıspor"la yoxlama oyunu (0:0) haqda da danışıb: "Toplanış çərçivəsində keçirdiyimiz yoxlama matçında da baş məşqçinin qarşımızda qoyduğu tapşırıqları yerinə yetirməyə çalışdıq. "Osmanlıspor" kifayət qədər güclü komandadır, oyunda da bunu hamımız müşahidə etdik. Düşünürəm ki, oyun bərabər səviyyədə keçdi, hətta bəzi epizodlarda hesabı açmaq imkanlarımız da oldu. Ümumilikdə, ağır yükləmələr fonunda güclü komandaya qarşı yaxşı oynadıq və qarşıdakı görüşlərin də ümumi hazırlıq səviyyəmizə müsbət təsir göstərəcəyinə inanırıq”.