Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2021 15:40
"Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2021-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunub, 7449 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında yer alıb. Qeyd olunub ki, onlardan, 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.
Məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.
Hazırda, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar, İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə, öz işini UNAİDS-in tövsiyyələrinə uyğun olaraq həyata keçirir. İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVID-19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunub.
Qeyd edək ki, hər il may ayının üçüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir.