Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2021 19:56
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun Faxralı (Talaveri) kəndinin sakinləri yerli mobil operatorların birindən narazıdır.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, yerli mobil rabitə operatorlarından birinin 5G dalğalarını ötürmək üçün istifadə etdiyi baza stansiyasını kəndin içində, yaşayış məntəqələrinə yaxın ərazidə yerləşdirməsi sakinlərin narazılığına səbəb olub.
Sakinlər qeyd edib ki, şirkət nümayəndələri qanunla yaşayış məntəqəsindən 20 km məsafədə quraşdırılmalı olan antenaları evlərin yaxınlığında basdırmaq istəyiblər və buna görə də yerli əhali ilə onların arasında mübahisə yaranıb.
Onlar bildiriblər ki, radiasiya təhlükəsi səbəbindən antenaların qurulmasına icazə vermək istəmirlər.
Bu səbəbdən baza stansiyasının qurulması üçün hazırlıq görülən ərazidə sakinlər etiraz aksiyasına çıxıblar.
Məsələ ilə bağlı rayon rəhbərliyi və kənd nümayəndəliyindən bildiriblər ki, onların belə bir təşəbbüsdən xəbərləri yoxdur. Qeyd olunub ki, məsələ dövlətin nəzarətində deyil, özəl şirkət kəndin kənarında yer icarəyə götürüb və ondan istifadə edir.
Kənd sakinləri həmçinin vurğulayıblar ki, yaranan münaqişə zamanı əraziyə cəlb olunmuş polislər isə asayişi təmin etmək əvəzinə, yerli əhalini qorxutmaq, iğtişaşlar yaratmamaq barədə xəbərdarlıq etməklə məşğul olurlar.
Qeyd olunub ki, artıq üç dəfə sözügedən şirkətin nümayəndələri ərazidə tikinti eləmək istəsələr də, kənd əhalisinin israrlı etirazından sonra işlərini yarımçıq qoyub gediblər. Məsələ isə hələlik açıq qalır.