Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2021 12:40
AVRO-2020-nin İsveçrə ilə matçını stadiondan izləmək istəyən Uels azarkeşləri artıq Bakıdadır.
Sonxeber.net BBC-yə istinadən xəbər verir ki, Azərbaycana səfər bir fanat üçün təqribən 3 000 funt sterlinqə başa gəlib.
Buraya oyun bileti, aviabilet, otel və test xərcləri daxildir.
Tərəfdarlar gərgin və yorucu səyahətə baxmayaraq, Bakıda olmaqdan məmnundurlur. "Red Wall" azarkeş qrupunun üzvü Stiven Nikolls deyir ki, uzun illərdir yığmanı dəstəkləyir və bu günədək heç bir oyunu buraxmayıb:
"Məhz buna görə burada, Bakıdayam. Çox qəliz qrupdayıq. Düşünürəm ki, isti hava futbolçulara çətinlik yaradacaq. Bizə yalnız gözləmək və matçı izləmək qalır. Yaxşı komandamız var. 2016-cı ildə yarımfinala çıxmışıq. Bunu indi niyə təkrarlamayaq"?
Bakıya gələ bilmək üçün 9 gün ərzində 5 dəfə COVID-19 testi verən Tim Evans burnunda bir az ağrının olduğunu söyləyib:
"Biletləri bron edəndə Uels hökuməti səyahət etməməyi məsləhət gördü. Çünki ölkəyə qayıdandan sonra karantində olacağıq. Pandemiya ilə bağlı vəziyyətə gəlincə, fikrimcə, Britaniyada olduğu kimi, burada da təhlükə yoxdur.
İnsanlar fantastikdir, turistləri görməyi xoşlayırlar. Buraya ikinci dəfədir gəlirəm. Məni hər zaman isti qarşılayıblar. Ona görə də Bakıda olmaqdan məmnunam".
Ata-bala olan Kevin və Nik Letem Bakıda AVRO-2020 ilə bağlı təşkilatçılıqdan və təbliğatdan razı qalıb. Ata Letemin sözlərinə görə, onlar tez-tez yığmanın oyunlarında iştirak etmirlər:
"Hər şey təsadüfən alındı. Burada gözəl görüntülərin şahidi oluruq. Küçələrdə iştirakçı ölkələrin bayraqları və formaları asılıb. Bu, möhtəşəm şeydir. Yeganə təəssüfləndirici məqam odur ki, Bakıda az sayda Uels azarkeşi olacaq".
Uels Avropa çempionatında ilk oyununu bu gün Bakı Olimpiya Stadionunda İsveçrə yığmasına qarşı keçirəcək. Görüş saat 17:00-da başlayacaq.